Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə başlanılır

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə başlanılır Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (8 vəzifə) və B (257 vəzifə) növünə aid 265 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir. Müsahibədə iştirak üçün qeydiyyat oktyabrın 17-dək aparılib.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.
Müsahibəyə qatılmaq istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər oktyabrın 17-si saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.
Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyənləşdirilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu mərkəz tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra namizəd müsahibədə iştirak üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak üçün qeydə alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak üçün qeydə alınmır.
Namizəd müəyyənləşdirilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandığı halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar DİM tərəfindən qəbul olunur və namizədə bu barədə üç iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında tanış olmaq mümkündür.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında əldə edə bilərlər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyənləşdirilir:
-struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
-vəzifə təlimatlarında vəzifə üzrə müəyyənləşdirilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dövlət Statistika Komitəsi (84 vəzifə) tərəfindən təqdim olunub.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:
Əmlak Məsələləri Dövlət Komitəsi (64 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 10, BB1 altqrupu üzrə 4, BB2 altqrupu üzrə 14, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 32 vəzifə
Səhiyyə Nazirliyi (17 vəzifə) – AB2 altqrupu üzrə 3, AC3 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 6, BA4 altqrupu üzrə 5, BB3 altqrupu üzrə 2 vəzifə
Maliyyə Nazirliyi (34 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 4, BB2 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 27 vəzifə
Gənclər və İdman Nazirliyi (28 vəzifə) - AC3 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 22 vəzifə
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (16 vəzifə) - AC4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 12 vəzifə
Dövlət Statistika Komitəsi (84 vəzifə) – BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 4, BB3 altqrupu üzrə 9, BB4 altqrupu üzrə 68 vəzifə
Tarif (qiymət) Şurasının Katibliyi BA4 altqrupu üzrə 1 vəzifə
Milli Televiziya və Radio Şurasında BA3 altqrupu üzrə 1 vəzifə
Xətai Rayon Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə
İmişli Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə
Göyçay Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə
Gəncə İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə
Ümumilikdə, müsahibəyə çıxarılmış 265 vakant vəzifənin 3-ü AB, 5-i AC, 36-sı BA, 221-i isə BB vəzifə qrupuna aiddir.

Tehsil-press.az

Oxşar xəbərlər