
Əldə olunan razılaşmaya əsasən, ortaq bakalavr proqramının müddəti 4 akademik il olacaq. Tələbələr ortaq proqramın 1 və 2-ci kursunu AzMİU-da, 3 və 4-cü kursunu isə İTU-da İnşaat fakültəsi, İnşaat mühəndisliyi bölümündə birlikdə oxuyacaqlar.
Rektorlar müqaviləni Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığa dair mühüm sənəd kimi dəyərləndiriblər. AzMİU-nun rektoru Gülçöhrə Məmmədova sənədin əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, universitetlər arasında ikitərəfli əlaqələrin geniş spektrini əhatə edən müqavilədə faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan dövlətinin təhsilə qayğısını vurğulayan AzMİU rektoru ölkəmizdə ali təhsil sisteminin yüksəliş yolunda olduğunu deyib.
Məlumat üçün qeyd edək ki, AzMİU ilə İTU arasında bakalavr pilləsi üçün ikili diplom protokolunun imzalanması barədə razılıq 2011-ci ildə əldə olunmuş, daha sonra hər iki universitet arasında keçirilən görüşlər və danışıqlar əsasında yenilənmişdir.
AzMİU-nun Mətbuat Xidməti


