UNEC-də “Bir” Tələbə-Könüllü proqramının təqdimatı olub

UNEC-də “Bir” Tələbə-Könüllü proqramının təqdimatı olub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.
UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 1-ci kurs tələbələrinə proqram barədə məlumatı layihənin ümumi işlər üzrə koordinatoru Canoğlan İlyasov təqdim edib. “Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli layihədir.
Təqdimatda proqramın altı əsas istiqaməti olan Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf et və Zövq al çərçivəsində paytaxt və regionlarda keçirilən layihələr barədə məlumat verilib. Qeyd edilib ki, ölkədə könüllülərin fəaliyyəti vahid məlumat bazasında sistemləşdirilir. Tələbənin könüllü olaraq dövlət əhəmiyyətli tədbirlərdə iştirakı gələcəkdə onun karyerasına müsbət təsir edə biləcək.
Tədbirdə UNEC tələbələrinin konüllülük fəaliyyətində daim fəal olduğu bildirilib.
C.İlyasov deyib ki, könüllü olmaq üçün www.konullu.edu.az saytında qeydiyyatdan keçmək və iştirak etmək istədiyiniz dövlət və beynəlxalq miqyaslı tədbirin adını qeyd etmək kifayət edir.
Sonda tələbələrin sualları cavablandırılıb, tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.

SEVİNC

Oxşar xəbərlər