BDU-nun “50+50” qrant proqramı müsabiqəsində 89 nəfər iştirak edir

BDU-nun “50+50” qrant proqramı müsabiqəsində 89 nəfər iştirak edir Bakı Dövlət Universitetində (BDU) universitetdaxili “50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri ilə görüş olub.
Universitetin Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə keçirilən görüşdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması, alınmış nəticələrin beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən nüfuzlu jurnallarda dərc edilməsi, xüsusilə gənclərin elmi fəaliyyətə cəlb olunması məqsədilə bir sıra işlərin görüldüyünü, “50+50” qrant proqramının da bu qəbildən olduğunu diqqətə çatdırıb.
Universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə 2018-2019-cu illəri əhatə edən 50+50 qrant proqramı müsabiqəsində 89 nəfərin iştirak etdiyini, onlardan 75 nəfərə 2018-ci il oktyabrın 1-dən 2019-cu il iyunun 30-dək, 9 ay müddətinə fərdi qrantlar ayrıldığını bildirib.
BDU-nun Elmi-Tədqiqat Hissəsinin rəisi İzzət Əfəndiyeva iştirakçılara qrant proqramının şərtləri, sənədləşmə və iş əsnasında yaranacaq məsələlər haqqında məlumat verib.
Xatırladaq ki, universitetdaxili “50+50” qrant proqramı BDU-da çalışan professor və müəllimlərin, əməkdaşların, doktorant, magistrant və bakalavr pillələrində təhsil alan tələbələrin elm və təhsildə qazandıqları nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə 2009-cu ildən təsis edilib.

Hikmət Əliyev


BDU-nun “50+50” qrant proqramı müsabiqəsində 89 nəfər iştirak edir

Oxşar xəbərlər