BDU daha bir nüfuzlu beynəlxalq konfransa ev sahibliyi edəcək

BDU daha bir nüfuzlu beynəlxalq konfransa ev sahibliyi edəcək Bakı Dövlət Universitetinin (BDU) rektoru akademik Abel Məhərrəmov Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosu ilə görüşüb.
Görüşdə akademik A.Məhərrəmov rəhbərlik etdiyi universitetin tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələrindən danışıb, Sakarya Universiteti ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Professor Murat Tosu Sakarya universitetinin tədris istiqamətləri barədə məlumat verib.
Görüşdə əməkdaşlığın genişləndirilməsi, “Riyaziyyat və onun tətbiqləri” VIII Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Konfransın BDU-nun 100 illik yubileyinə həsr edilməsi və 2019-cu il avqustun 27-dən 30-dək bu ali məktəbin əsas tərəfdaşlığı ilə Bakıda keçirilməsi barədə razılıq əldə edilib.
Qeyd edək ki, sözügedən konfrans Türkiyənin aparıcı universitetlərinin dəstəyi ilə ənənəvi olaraq ölkədən xaricdə təşkil edilən elmi tədbirdir. Əvvəlki konfranslar Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada keçirilib.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər