Dinləyib-anlama məzmun xətti ilə bağlı seminar

Dinləyib-anlama məzmun xətti ilə bağlı seminar Ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri üçün xarici dilin tədrisində dinləyib-anlama məzmun xətti ilə bağlı seminar keçirilib.
Təlimə Dəstək Mərkəzi tərəfindən keçirilən seminarın əsas məqsədi ingilis dili fənninin dinləyib-anlama məzmun xətti üzrə standartlarının reallaşdırılması zamanı müəllimləri düşündürən məsələlərin həlli istiqamətində onlara metodiki dəstək göstərməkdir.
Seminarda dinləyib-anlama məzmun xətti üzrə şagirdlərin sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq kimi bacarıqların yoxlanılması ilə bağlı standartlara uyğun nümunələr təqdim olunub.
Şagirdlərin dinləyib-anlama, təhliletmə bacarıqlarını yoxlamaq və inkişaf etdirmək məqsədilə verilən tapşırıqların icrasında ehtiyac yarandıqda müəyyən avadanlıqlardan, audio materiallardan istifadə etmək barədə seminar iştirakçılarına məsləhətlər də verilib.
Eləcə də, tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, ingilis dili müəllimlərinin rəy, təklif və təəssüratları dinlənilib.
Xarici dilin daha mükəmməl mənimsənilməsi üçün şagirdlərin dinləyib-anlama bacarığının inkişaf etdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib, müəllimlərin çoxsaylı sualları cavablandırılıb.
Seminarların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər