Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin ilk qrupları proqramı yekunlaşdırmaq mərhələsindədir

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin ilk qrupları proqramı yekunlaşdırmaq mərhələsindədir Bakı Ali Neft Məktəbində (BANM) İngiltərənin “TwentyEighty Strategy Execution” (Stratex) şirkəti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən Layihə İdarəetmə Məktəbi (School of Project Management) fəaliyyət göstərir. Dövlət və özəl sektorda çalışan şirkətlərin böyük marağına səbəb olan bu proqram iştirakçılara layihə menecmentinin dərinliklərini öyrədir və sonda proqramı uğurla başa vuranlar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı ilə təltif edilir.
Hazırda Layihə İdarəetmə Məktəbinin ilk qruplarının iştirakçıları proqramı yekunlaşdırmaq mərhələsindədirlər. Belə ki, 2017-ci ilin may və iyulunda dərslərə başlayan “Stream 16” və “Stream 17” qrupları yeddi moduldan ibarət tədris proqramının sonuncu modulunu keçəcəklər. Proqram iştirakçıları onlara verilən seçim hüququna əsasən “PMP (Project Management Professional) Preparation” (PMP imtahanına hazırlıq) və “Negotiation Skills” (Danışıqların aparılması bacarıqları) modulları arasında artıq öz seçimlərini ediblər.
PMP imtahanına hazırlıq modulu “Stratex” şirkətinin peşəkar təlimçisi Didye Estibal, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları modulu isə Corc Sifri tərəfindən həyata keçiriləcək.
Dörd gün davam edəcək PMP imtahanına hazırlıq modulu müvafiq mövzuları əhatə edir və qrup iştirakçıları bu mövzular üzərində hazırlanan test imtahanı üzərində çalışacaqlar.
Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları modulunda isə iştirakçılar mütərəqqi üsullardan istifadə etməklə dayandırılmış danışıqların bərpa olunması, rəqabətli və kollektiv danışıq strategiyalarından istifadə, səmərəli xərc və qrafik icrası üçün danışıq bacarıqlarının tətbiqi, şəxsi layihələr üçün lazım olan birgə münasibətlərin səmərəli inkişafı və idarəçilik strategiyalarının planlaşdırılması mövzuları üzərində təlimlər keçəcəklər.
Qeyd edək ki, Layihə İdarəetmə Məktəbinin bu iki qrupunun iştirakçıları BANM, SOCAR, BP, “Paşa Sığorta”, “Atlantic Waves Solutions”, “Pasha Holding”, “Pasha Life Insurance”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “SOCAR Polymer” MMC, “Azərsu” ASC, “Worley Parsons”, CNFA, CBMC kimi müəssisələrinin daha çox rəhbər vəzifələrində çalışan məsul şəxslərindən ibarətdir. Bu isə öz növbəsində daim inkişaf edən müəssisələrin peşəkar layihə menecerlərinə olan tələbatından və layihələrin idarə olunmasına verilən böyük əhəmiyyətdən xəbər verir.
Layihə İdarəetmə Məktəbinin “Stream 18” qrupu da artıq fəaliyyətə başlayıb və yeni qrupların yığılması ilə bağlı qeydiyyat davam edir.

Hikmət Əliyev


Oxşar xəbərlər