Bakı Ali Neft Məktəbinin tələbələri “SOCAR Polymer”də çalışacaqlar

Bakı Ali Neft Məktəbinin tələbələri “SOCAR Polymer”də çalışacaqlar Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin insan resursları departamentinin əməkdaşları tərəfindən böyük təqdimat keçirilib.
Tədbirdə ali məktəbin 3-cü, 4-cü, 5-ci kurs və magistratura pilləsinin tələbələri, həmçinin “SOCAR Polymer”in məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov “Socar Polymer” layihəsinin Azərbaycanın neft-kimya sənayesində əvəzolunmaz rol oynayacağını bildirib. “Layihənin əsas məqsədi ölkənin kimya sənayesini gücləndirmək olduğunu nəzərə alaraq bu sahə üzrə dünya standartlarına cavab verən ixtisaslı kadr hazırlayan BANM ilə əməkdaşlıq daha məqsədəuyğundur” – deyə rektor qeyd edib.
“SOCAR Polymer”in maliyyə təhlilçisi Bart Joubert tələbələrlə görüşündən məmnun olduğunu bildirib. Daha sonra o, şirkətin məqsədi, fəaliyyəti, burada görülmüş işlər, struktur və iş prinsipi haqqında geniş təqdimatla çıxış edib.
“SOCAR Polymer”in insan resursları departamentinin təlim və inkişaf üzrə baş mütəxəssisi Nərgiz Səlimova tələbələrə yay istehsalat təcrübə proqramı haqqında məlumat verib. Şirkətin mükafatlandırma üzrə mütəxəssisi Afaq İsmayılova iş imkanları, müraciət və seçim prosesləri haqqında geniş təqdimat edib. İşə qəbul üzrə mütəxəssis Elturan Kazımlı isə təcrübəçilərin “SOCAR Polymer”dəki rolundan bəhs edib.
Tədbirdə BANM-in məzunu, “SOCAR Polymer”də texniki məsələlər üzrə mühəndis Nicat Qasımov tələbələr qarşısında uğur hekayəsindən danışıb.
Qeyd edək ki, mayın 30-dək BANM tələbələrinin müraciət və seçim prosesi yekunlaşacaq, iyul ayından isə onlar yay istehsalat təcrübəsinə başlayacaqlar. İstehsalat təcrübələrini uğurla başa vuran sonuncu kurs tələbələri şirkət tərəfindən işə cəlb olunacaqlar.

Hüseyn Şərifov

Oxşar xəbərlər