“V Beynəlxalq Tibb Konqresi” çərçivəsində 160 elmi işə baxılacaq

“V Beynəlxalq Tibb Konqresi” çərçivəsində 160 elmi işə baxılacaq Noyabrın 1-də Azərbaycan Tibb Universitetində (ATU) gənc alimlərin, rezidentlərin və tibb tələbələrinin “V Beynəlxalq Tibb Konqresi” öz işinə başlayıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.
Konfransda sonra ATU-nun himni səsləndirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi bu ali elm və təhsil ocağında təbabətin müxtəlif bölmələri üzrə mütəmadi olaraq beynəlxalq səviyyəli toplantıların keçirildiyini deyib. O, bu konqresin təşkilinin artıq ənənə halı aldığını qeyd edib: “Beşinci dəfədir keçirilən konqresdə Türkiyə, Rusiya, Almaniya, İran, Özbəkistan, Pakistan və İraqdan olan həkimlər, gənc alim və tələbələr iştirak edirlər. Ümumilikdə, 650 iştirakçı “V Beynəlxalq Tibb Konqresi” üçün rəsmi qeydiyyatdan keçib. Bu da bir daha onu sübut edir ki, dünya tibb mütəxəssisləri səhiyyənin qarşısında duran bir çox problemlərin həlli yollarını və müxtəlif xəstəliklərin müalicə üsullarını tapmaq üçün birgə səy göstərirlər”.
Rektor tədbir iştirakçılarına konqresin təşkilat komitəsi adından uğurlar diləyib.
Türkiyə Endoskopik Laporaskopik Cərrahlar Dərnəyinin prezidenti, professor Cavit Avcı çıxışında yenidən Azərbaycanda olduğundan məmnunluq hissi duyduğunu vurğulayıb. O, iki qardaş ölkə arasında bütün sahələrdə mövcud sıx əlaqələrdən danışıb: “Biz iki dövlət olsaq da, bir millətik. Həm bilik, həm mədəni, həm də sosial sahədə bir-birimizə dəstəyi davam edəcəyik. Bunlardan ən əsası da tibb və təhsil sahələridir. Artıq ikinci dəfədir ki, belə mötəbər konqres çərçivəsində kurs təşkil edilir. Bu kursun tibbin inkişafı baxımından böyük əhəmiyyəti var. Çünki cərrahi əməliyyatlarda artıq hər gün yeni üsullar ixtira edilir”.
Özbəkistanın Daşkənd Tibb Akademiyasının nümayəndəsi Sardorxoca Sızdıkxocayev çıxış edərək konqresin işinə uğurlar diləyib. O, G.Gəraybəyliyə təmsil etdiyi ali təhsil ocağının simvolu olan kostyumu və hədiyyələri təqdim edib.
Sonra tədbir tibbin müxtəlif sahələrinə dair plenar sessiyalarla davam etdirilib. Sessiyalarda həm azərbaycanlı, həm də xarici mütəxəssislərin məruzələri dinlənilib.
Qeyd edək ki, hər il olduğu kimi bu il də konqres çərçivəsində Türkiyə Endoskopik Laporaskopik Cərrahlar Dərnəyinin təşkilati dəstəyi ilə kolorektal cərrahiyyə kursu keçirilib. Bundan əvvəl də ATU-da İstanbul Universiteti Davamlı Tibbi Təhsil və Tədqiqat Mərkəzinin tibb fakültəsi ilə bir neçə onlayn konfranslar və kurslar təşkil edilib.
İki gün davam edəcək konqresdə 160 elmi işə baxılacaq.
Xatırladaq ki, “I Beynəlxalq Tibb Konqresi” 2014-cü ilin mayında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Həmin ildən etibarən hər il ATU-nun təşəbbüsü və təşkilatçılığı, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq tibb konqresi keçirilir.

ATU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər