Azərbaycan Texniki Universitetində “Seeds for the Future” layihəsinə start verilib

Azərbaycan Texniki Universitetində “Seeds for the Future” layihəsinə start verilib Azərbaycan Texniki Universitetində (AzTU) “Huawei-Azərbaycan” şirkətinin “Seeds for the Future” layihəsinə start verilib.
Bu məqsədlə universitetdə layihənin təqdimatı keçirilib. Tədbirdə beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov Çinin informasiya-kommunikasıya texnologiyaları (İKT) sahəsində əldə etdiyi uğurlardan, o cümlədən “Huawei” şirkətinin yeni nəsil texnologiyaların yaradılması istiqamətində investisiya yatırımlarından danışıb. Prorektor bildirib ki, son illər Azərbaycanda İKT sahəsində sistemli işlər görülür və bunun nəticəsi olaraq böyük inkişafa nail olunub. Bu prosesdə dünyanın 170 ölkəsində 180 mindən çox işçisi olan “Huawei” şirkətinin yaxından iştirak etdiyini vurğulayan professor “Seeds for the Future” layihəsinin tələbələrin İKT sahəsində inkişafına böyük töhfə verəcəyini bildirib.
“Huawei-Azərbaycan” şirkətinin icraçı direktoru Canlin Lu AzTU-da İKT sahəsində həyata keçirilən kadr hazırlığından danışıb. O bildirib ki, Azərbaycanın İKT sahəsində, o cümlədən “Huawei” şirkətinin ölkəmizdə fəaliyyət göstərən müəssisələrində çalışanların böyük əksəriyyəti AzTU məzunlarıdır.
Sonra “Huawei-Azərbaycan” şirkətinin nümayəndəsi Zhang Jing “Seeds for the Future” layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, bu layihə İKT sənayesinə marağın artırılmasına yardım etmək və qabiliyyətli tələbələrin bu sahədə biliklərini artırmaq məqsədi daşıyır. Pekində başlayan layihə çərçivəsində tələbələr ilk olaraq Çin mədəniyyətini və mandarin dilini öyrənmək şansı əldə edəcəklər. Daha sonra “Huawei” şirkətinin Şenjen düşərgəsində İKT-nin başlıca texnologiyaları: mobil şəbəkə və bulud hesablama texnologiyaları, həmçinin süni intellekt, 5G şəbəkəsi ilə yaxından tanışlıq olacaq.
Daha sonra “Huawei-Azərbaycan” şirkətinin təmsilçiləri ilə tələbələr arasında ingilis dilində dialoq olub. Tələbələrin dil biliklərini və İKT sahəsinə aid fikirlərini yüksək qiymətləndirən şirkət təmsilçiləri layihədə iştirak hüququ qazananlar arasında AzTU tələbələrinin üstünlük təşkil edəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, “Seeds for the Future” layihəsinə qoşulmaq üçün tələbələr iki mərhələdə seçim turundan keçəcəklər. Hər iki mərhələdən uğurla keçən 10 tələbə “Seeds for the Future” layihəsinin qalibi olaraq dekabrın 3-dən 14-dək Çinə səyahət etmək imkanı qazanacaq.

AzTU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər