Azərbaycan dilini öyrənən rusdillilər Dövlət Akademik Milli Dram Teatrında olublar

Azərbaycan dilini öyrənən rusdillilər Dövlət Akademik Milli Dram Teatrında olublar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində “Jen Mironosets” Rus Provaslav kafedral kilsəsində ödənişsiz əsaslarla rusdilli vətəndaşlar üçün təşkil edilmiş təlim kursunun dinləyiciləri Fondun dəstəyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olublar.
Kursun dinləyiciləri Mədəniyyət Nazirliyinin sifarişi ilə rus yazıçısı və dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanmış “Sinif yoldaşları” tamaşasına baxıblar.
“Azərbaycan dilini öyrənirik” layihəsi üzrə təlimlər Mixail-Arxangel pravoslav kilsəsində 2015-ci ilin fevralından keçirilir. Kilsənin də dəstək verdiyi kursun təlimçiləri müsabiqə yolu ilə ali və orta məktəblərdən seçilmiş təcrübəli müəllimlərdir. Dinləyicilərə Azərbaycan dilinin qaydaları tədris olunmaqla yanaşı, Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı ilə bağlı məlumatlar verilir, müxtəlif tarixi məkanlara səfərlər təşkil olunur, iştirakçılar teatr tamaşalarına dəvət olunur, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşürlər.
“Azərbaycan dilini öyrənirik” layihəsinin əsas qayəsi multikulturalizmin həyat tərzi olduğu Azərbaycanda yaşayan, dövlət dilini öyrənmək arzusunda olanlara kömək göstərmək, onlarda azərbaycançılıq məfkurəsi, dövlətçilik ruhu, tolerantlıq prinsipləri aşılamaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər