Seminar: Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi

Seminar: Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi" mövzusunda seminar keçirib.
Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov mövzunun aktuallığına toxunaraq, bəşəri dəyərlərə özünəməxsus ehtiramla yanaşan Azərbaycan əxlaq sisteminin üstün cəhətlərindən, mədəni təsirlərindən söz açıb.
Sonra Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub "Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi" mövzusunda məruzə ilə çıxış edib. O, mövzunun əxlaq fəlsəfəsində geniş müzakirə olunduğunu bildirib. Nisbilik məsələsinə toxunan məruzəçi qeyd edib ki, müxtəlif mədəniyyətlərə fərqli əxlaq yanaşmaları varsa, demək, ümumbəşəri-cahanşümul əxlaq qanunları mövcud deyil. Mail Yaqub deyib: “Əxlaqda nisbiliyi qəbul etsək, dünyada baş verən haqsızlıqlara, əxlaqa-insanlığa zidd hərəkətlərə etiraz edə bilmərik. Səbəb aydındır, əgər müxtəlif mədəniyyətlərin əxlaqa tam fərqli baxışları varsa, biz öz meyarlarımızla həmin ölkələrdəki qeyri-əxlaqı hərəkətləri tənqid edə bilmərik”.
Məruzədə Azərbaycan əxlaq sisteminin ümumbəşəri olduğu vurğulanıb: “Biz cahanşümul əxlaq normalarını təsdiq edirik. Əgər mədəniyyətlərin nisbiliyini qəbul etsək və düşünsək ki, mədəniyyətlərin müxtəlifliyi əsasında əxlaqda nisbilik hakimdir, onda başqa bir problem yaranır, maarifçilik məfhumu öz dəyərini itirir. Maarifçilik islahatçılıq deməkdir, maarifçilik o zaman baş verir ki, biz əxlaqı nisbi bilməyək və ümumbəşəri əxlaq normalarına inanaq”.
Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər