“Gəncə işi”nə qapalı məhkəmədə baxacaqlar

“Gəncə işi”nə qapalı məhkəmədə baxacaqlar Elmar Vəliyev iş üzrə əsas zərərçəkəndir; məhkəmə qarşısına Yunis Vəliyevlə yanaşı 50-dən çox təqsirləndirilən çıxarılacaq
Bu il 10 iyul tarixində Gəncədə baş verən hadisələrlə bağlı cinayət işi məhkəməyə göndərilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı rəsmi məlumatda bildirilir ki, Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, 2 polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılıb.
Ötən müddətdə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Maarif Hacıyevin və Xəyal Qafarovun, onlar ilə eyni cinayətkar niyyətləri və radikal dini baxışları bölüşən Şahlar Rzayev, Rəşad Böyükkişiyev, Kamal Quliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib sosial şəbəkələrdə, şəxsi görüş və söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymaları, bu məqsədlə insanları iyulun 10-da saat 20.00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplamaq barədə çağırışlar yaymalarına əsaslı şübhələr müəyyən edilib. İstintaq araşdırmaları ilə həmçinin adları çəkilən şəxslərin Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaları, zorakılıqlar törətməsi, o cümlədən hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar təşkil etmələrinə, həmin hadisələrdə fəal iştirakına, Xəyal Qafarovun, Samir İbrahimovun və Əli Rzayevin həm də qanunsuz olaraq əl qumbaraları, avtomat silahlara aid patronlar, külli miqdarda narkotik vasitə əldə edib saxlamalarına, gəzdirmələrinə və daşımalarına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə barələrində həbs-qətimkan tədbiri seçilmiş Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov və Vaqif Əşrəfov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı noyabrın 26-da, Cinayət Məcəlləsinin 220.1, 228.1 (Qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə), 234.4.3-cü (Bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması) maddələri ilə təqsirləndirilən Xəyal Qafarov, 220.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, 220.1, 228.1, 234.4.3 və 315.2-ci maddələri ilə təqsirləndirilən Samir İbrahimov, 220.1, 234.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Əli Rzayev, 220.1-ci maddəsi ilə təqsirləndirilən Rauf Qurbanzadə, Mireşqin Seyidov, Kamal Məmmədtağıyev və Qadir Hüseynov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı isə noyabrın 30-da tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yada salaq ki, iyulun 10-da baş verən hadisələrdən əvvəl, iyulun 3-də o zaman Gəncənin icra başçısı postunda olan Elmar Vəliyevə odlu silahla hucum olub. Rusiya vətəndaşı Yunis Səfərov Elmar Vəliyevə edilən silahlı hücum zamanı onun cangüdəni Qasım Aşbazov yaralayıb. Başçı isə hadisə yerindən qaçarkən yerə yıxılıb və başı zərblə yolun kənarındakı bardyura çırpılıb. Nəticədə Elmar Vəliyevin sağlıq durumunda ciddi problemlər yaranıb, özü və mühafizəçisi əməliyyat olunublar. Hazırda hər 2 şəxsin səhhəti yaxşılığa doğru gedir.
Cinayəti törədən - 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb. Olaydan keçən 6 ay ərzində Yunis Səfərovun icra başçısına qarşı törətdiyi cinayətin motivi haqda ictimaiyyətə rəsmi məlumat verilməyib.
Bu il noyabrın 15-də, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib ki, Gəncə hadisələri ilə bağlı 60-dan artıq adam həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər öldürülüb. Mədət Quliyev bu hadisəni “dini radikalların və ekstremistlərin hüquqazidd əməlləri” ilə izah edib.
Qeyd edək ki, Elmar Vəliyev olaydan sonra xəstəxanaya yerləşdirilib, xəstəxanadan çıxana qədər postunda qalıb. Sonradan onu tutduğu vəzifədən azad ediblər. Hazırda “Gəncə işi” üzrə əsas zərərçəkən də o və mühafizəçisi Qasım Aşbazovdur. E.Vəliyevin tutduğu vəzifədən azad edilməsi ilə bağlı müxtəlif məlumatlar dolaşır. Ən son məlumatlara görə isə Elmar Vəliyevin Gəncənin icra başçısı olaraq məhkəmədə zərərçəkən şəxs qismində iştirakı arzu olunan hesab edilməyib. Ona görə də Elmar Vəliyev işdən uzaqlaşdırıblar. Diqqətçəkən məqamlardan biri də budur ki, Elmar Vəliyev vəzifədən çıxarılandan sonra oğlu Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri təyin edilib. O, buna qədər Milli Məclisdə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışırdı. Güc strukturları Gəncədə icra başçısına qarşı törədilən əməlləri, ondan sonra baş verənləri terror aktı elan ediblər. Bu isə onu deməyə əsas verir ki, iş üzrə təqsirləndirilən şəxslərin ağır cəza alacaqları qaçılmazdır.

E.MƏMMƏDƏLİYEV

Oxşar xəbərlər