Ümummilli liderin xatirəsi xarici tələbələrlə birgə yad edilib

Ümummilli liderin xatirəsi xarici tələbələrlə birgə yad edilib Naxçıvan Dövlət Universiteti incəsənət fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən həmişə bizimləsən” adlı tədbir keçirilib. Xarici tələbələrlə iş üzrə dekanlığın hazırladığı tədbirdə hazırlıq kursunun əcnəbi tələbələri iştirak ediblər. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra xarici tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilərək zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olub. Vurğulanıb ki, Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.
“Xarici tələbələrin Naxçıvan Dövlət Universitetində təhsili” adlı çıxışında Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent Ceyran Quliyeva qeyd edib ki, universitetdə hazırda 486 nəfər xarici tələbə təhsil alır. Türkiyə, İran, Nigeriya, Banqladeş, Qana və Gürcüstandan olan tələbələrdən 254-nəfəri universitetin hazırlıq kursunun dinləyicisi, 220-si bakalavr, 10-u magistr, 2 nəfəri isə doktorantura səviyyəsinə aiddir.
“Müalicə işi” ixtisası üzrə IV kurs tələbəsi Şehriban Sarıhan “Ümummilli lider Heydər Əliyev xarici tələbələrin gözü ilə” adlı çıxışında ulu öndərin gənclər siyasətindən söhbət açaraq qeyd edib ki, həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.
Tədbir xarici tələbələrin ümummilli liderə həsr etdiyi bədii kompozisiya ilə davam edib.

Mətbuat Xidməti



Oxşar xəbərlər