ADMİU-da “ABAD”ın təqdimatı olub

ADMİU-da “ABAD”ın təqdimatı olub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “ABAD” publik hüquqi şəxsin təqdimatı keçirilib.
Tədbirdə “ABAD”ın əməkdaşları, marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turanə Qasımova və baş mütəxəssis Qəmər Bağırova iştirak ediblər. Maraqlı və ətraflı təqdimatla yanaşı, tələbələrin sualları cavablandırılıb, müzakirələr aparılıb.
Çıxış edənlər vurğulayıblar ki, rəssamlıq fakültəsinin dizayn və dekorativ-tətbiqi sənət ixtisası üzrə təhsil alan tələbələri 2017-2018-ci tədris ilindən başlayaraq istehsalat təcrübəsini məhz “ABAD”ın mərkəzlərində keçirlər.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə yaradılıb. Ölkəmizin sosial-iqtisadi inkişafında kiçik və orta sahibkarlığın fəaliyyətinə, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılır. “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir.
“ABAD”ın nümayəndələri ADMİU ilə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini, daha böyük miqyaslı birgə layihələrin planlaşdırıldığını bildiriblər.

ADMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər