“Zəkamızla irəli”

“Zəkamızla irəli” Şəki şəhər 18 nömrəli tam orta məktəbdə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Zəkamızla irəli” mövzusunda intellektual yarışma keçirilib.
İntellektual yarışmada Şəki Şəhər Təhsil Şöbəsinin, Şəki Şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri, məktəbin direktoru, müəllim və şagirdlər iştirak ediblər.
Yarışın əvvəlində Dövlət himninin səsləndirilməsindən sonra məktəbin direktoru Məmməd Mahmudov çıxış edərək şagirdlərə uğurlar arzulayıb.
Bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarət olub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, şagirdlərin sərbəst fikir, düşüncə tərzini və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək üçün bu cür intellektual bilik yarışlarının təşkil olunmasının mühüm əhəmiyyəti var.
Yarışda ümumilikdə 12 komanda mübarizə aparıb. Hər komandada 5 iştirakçı olub.
Yarış üç turda keçirilib. Birinci turda 30, ikinci və üçüncü turlarda isə 20 sual səsləndirilib.
Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada “Nuxa” komandası I, “Marxal” komandası II, “Çələbixan” komandası isə III yerləri tutublar.
Sonda qalib komandalar Şəki Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılıb.

Mahal MƏMMƏDOV,
Şəki Şəhər Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

Oxşar xəbərlər