ADPU-da 2 Fevral-Gənclər Günü münasibətilə görüş keçirilib

ADPU-da 2 Fevral-Gənclər Günü münasibətilə görüş keçirilib Fevralın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2 Fevral-Gənclər Günü münasibətilə universitetin bir qrup fəal tələbəsi ilə görüşüb. Görüşdə Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Əbdül Xalıqov, rektor köməkçisi Riyad Rüstəmli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, Tələbə Gənclər Təşkilatının sədri Taleh Budaqov iştirak ediblər.
Rektor Cəfər Cəfərov tələbələri 2 Fevral-Gənclər Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür, həyatda və təhsildə uğurlar arzulayıb.Rektor qeyd edib ki, ölkəmizdə əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Dünyada 200 dövlət, 5 minə yaxın xalq var. Gənclər hər bir ölkənin, dövlətin gələcəyidir. Xüsusən də, müəllim peşəsini seçən gənclərin üzərinə böyük məsuliyyət düşür. Sizin gələcəkdə bilikli, bacarıqlı mütəxəssislər kimi fəaliyyət göstərməyiniz xalqımızın, dövlətimizin daha da güclənməsində mühüm rol oynayacaq. Siz Azərbaycan məktəbini yeni bir keyfiyyət mərhələsinə gətirməlisiniz. Gənclər müstəqil dövlətimizin qədrini bilməli, onu göz-bəbəyi kimi qorumalıdırlar.
Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev çıxış edərək bildirib ki, bu görüşdə universitetin xüsusi nailiyyətləri ilə seçilən tələbələri iştirak edirlər. Bu gənclər öz müsbət fəaliyyətləri ilə özlərini təsdiq ediblər. Professor F.Rzayev gəncləri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.
Görüşdə 2018-ci ildə təhsildə və ictimai fəaliyyətdə fərqləndiyinə görə 2 Fevral-Gənclər Günü münasibətilə “İlin gənci” nominasiyası üzrə Aytən Bağırova, tələbələrin vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə “İlin gənci” nominasiyası üzrə Taleh Mirzəyev, mədəniyyət sahəsində fərqləndiyinə görə “İlin gənci” nominasiyası üzrə Məxfirət Hüseynova, idman sahəsində fərqləndiyinə görə “İlin gənci” nominasiyası üzrə Rəvan Fərzaliyev, əcnəbi tələbələrin universitetin ictimai həyatında fəal iştirakı ilə bağlı apardığı məqsədyönlü işlərə görə “İlin gənci” nominasiyası üzrə Hakan Köse, tələbələr arasında ictimai fəaliyyətdə xüsusi fərqləndiklərinə görə “İlin gənci” nominasiyası üzrə Flora Kərimli, Sona Həsənova fəxri fərmanla, tələbələr arasında ictimai fəaliyyətdə fərqləndiklərinə görə Sənan İmanov, Məhbubə Axundova, Nuranə Balakişiyeva, Şəlalə Zəkizadə, Mehriban Piriyeva, Lamiyə Adıgözəlova, Aysel Ramazanova, Məsməxanım Qədimova, Səriyyə Mehdizadə, Vüqar Suvarov təşəkkürnamə ilə təltif ediliblər.
Tələbə-gənclər onlara göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edərək yüksək səviyyəli mütəxəssis və əsl vətəndaş kimi yetişmək üçün əzmlə çalışacaqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da 2 Fevral-Gənclər Günü münasibətilə görüş keçirilib


Oxşar xəbərlər