Elmira Süleymanova medala layiq görülüb

Elmira Süleymanova medala layiq görülüb Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və dünya elminə və mədəniyyətinə töhfələrinə, insan hüquqlarının müdafiəsində böyük xidmətlərinə görə Akademiyanın Beynəlxalq Qızıl Ulduz medalına layiq görülüb.
Bu qurumun Azərbaycan üzrə nümayəndəsi, alim Elçin İsgəndərzadə Akademiyanın həqiqi üzv diplomunu, Beynəlxalq Qızıl Ulduz medalını və vəsiqəsini E. Süleymanovaya təqdim edib.
O, çıxış edərək, bütün Türk dünyasında və beynəlxalq aləmdə tanınan, dəyərli şəxsiyyət, görkəmli ziyalı olan E.Süleymanovanın zəngin tərcümeyi-halı, həyat yolu, onun alim, dövlət və ictimai xadim, İnsan Hüquqları üzrə Müvəkkil kimi çoxşaxəli fəaliyyəti haqqında danışıb.
Vurğulanıb ki, SSRİ Fəxri kimyaçısı və SSRİ ixtiraçısı, kimya elmləri doktoru elmi dərəcəsinə, professor rütbəsinə yüksələn E.Süleymanovanın alim ömrünün bəhrələri, onun tədqiqatları, yeni kimyəvi maddələr, onların alınması üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslər 260-dan çox elmi əsərində, 40-dan çox ixtiralarında, patentində, müəlliflik şəhadətnamələrində öz əksini tapmış, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirməsi ilə nəticələnmişdir.
Habelə E.Süleymanovanın zəngin ictimai fəaliyyəti, 1980-ci ildən etibarən respublikamızda qadın hərəkatının inkişafında mühüm xidmətləri, Azərbaycan qadınlarının qurultaylarında iştirakı, beynəlxalq səviyyədə gördüyü işlər, 1994-cü ildən beynəlxalq miqyasda tanınmış, ölkəmizdə BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusu almış yeganə qadın qeyri-hökumət təşkilatı – Azərbaycan Qadın və İnkişaf Mərkəzini, 2000-ci ildən mütəmadi fəallıq göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsini və onun nəzdində Liderlik Məktəbini, eyni zamanda Ahılların Resurs Mərkəzini, Qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansını yaratdığı və həmin qurumların indi də müntəzəm və rəngarəng fəaliyyətini davam etdirdikləri barədə məlumat verilib.
Yüksək işgüzarlığının, insan hüquqları sahəsində elmi və təcrübi fəaliyyətinin ölkəmizdə və xaricdə böyük nüfuz qazanmasının nəticəsi olaraq, 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəddən biri Elmira Süleymanovanın Milli Məclis tərəfindən Azərbaycanın ilk Ombudsmanı seçilməsi, daha sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən də ikinci dəfə namizədliyinin irəli sürülərək bir daha seçilməsi diqqətə çatdırılıb. Bu illər ərzində Müvəkkilin insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, Ombudsman təsisatının nailiyyətləri, Müvəkkilin dövlət tərəfindən yüksək təltiflərə, o cümlədən “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülməsi, 2008-ci ildə Polşa Prezidenti tərəfindən Polşa Respublikasının Zabit dərəcəli “Böyük Qızıl Xaç Ordeni” ilə təltif olunması vurğulanıb.
E.İsgəndərzadə təmsil etdiyi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının geniş fəaliyyəti, elm sahəsində uğurları barədə məlumat verib, dəyərli şəxsiyyət olan, insan hüquqları sahəsində böyük təcrübəyə malik Azərbaycan Ombudsmanının elmi və praktiki nailiyyətlərinə görə bu Akademiyanın üzvü seçilməsindən və Beynəlxalq Qızıl Ulduz medalına layiq görülməsindən böyük fərəh və sevinc hissi keçirdiyini bildirib.
E.Süleymanova bu təltiflərə görə adı çəkilən Akademiyanın rəhbərliyinə dərin minnətdarlığını bildirib, həmin nüfuzlu elm ocağının üzvü olmaqdan qürur duyduğunu, birgə elmi-tədqiqatların aparılmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına böyük imkanların yaratdığını söyləyib. O, öz həyat fəlsəfəsi, elmi və ictimai fəaliyyəti barədə danışaraq, Azərbaycanda Ombudsman təsisatının yaradılmasında Ümummilli lider, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin, inkişafında dövlət başçısı cənab İlham Əliyevin böyük rolunu vurğulayıb.
Müvəkkil çıxışında Ombudsman təsisatının əməkdaşlarına hər zaman xalqımıza sədaqətlə, vicdanla, əqidələrinə sadiq, təhsil və biliklərini daim artırmaqla, yüksək peşəkarlıqla, əzmkarlıqla və milli dəyərləri nəsildən-nəsilə ötürməklə xidmət etməyi tövsiyə edib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təsisatın kollektivi adından E.Süleymanovanı səmimi-qəlbdən təbrik edib, xoş arzularını bildirib. O, Müvəkkilin əməkdaşların, xüsusilə gənclərin inkişafını daim dəstəklədiyini, onların uğurlarını və gələcəyə doğru irəliləyən addımlarını yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər