
Tədbirin moderatoru, ADPU-un V kurs tələbəsi, ADPU TGT sədri Taleh Budaqov iştirakçı gəncləri salamlayaraq onlara son illər ölkəmizdə gənclərlə bağlı aparılan dövlət siyasəti, yaradılan imkanlar, gənclərin elmi və ictimai-sosial layihələrinin dəstəklənməsi təcrübəsindən məlumat verib, hər bir gənci həm tədrisdə, həm mütaliədə, həm də ictimai fəaliyyətdə aktiv iştiraka çağırıb. Sonra o sözü layihə rəhbəri Lamiyə Rzayevaya verib. Özü də tələbə olan Lamiyə xanım öncə onda layihənin ideyasının necə yarandığı, layihənin icrasında Gənclər Fondu və ADPU rəhbərliyi və ictimai təşkilatlarının ona yaxından kömək göstərmələrini qeyd edərək bildirib ki, hər bir gənc addım atmaq istəyərsə, bunu mütləq bacaracaq. Çünki, onun arxasında dayanan müstəqil və məqsədyönlü bir dövlət var. O iştirakçılara uğurlar arzuladı.
Sonra müsabiqənin münsiflər heyəti elan olundu və münsiflərin iştirakçılara tövsiyələri, layihə ilə bağlı fikirləri dinlənildi. Müsabiqə çərçivəsində seçim turundan uğurla keçmiş 40 tələbəyə növbəti mərhələdə mütaliə edib, əsər əsasında esse yazacaqları əsərlərin adları açıqlandı. Bunlar, Onore de Balzakın “Qorio ata”, Corc Bayronun “Şərq poemaları” və Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” əsərləridir. Ardınca isə, mövzu üzrə Taleh Budaqovun moderatorluğu ilə iştirakçılarla müzakirələr aparıldı. Sonda iştirakçılar çay süfrəsi ətrafına dəvət edildi.
Qeyd edək ki, layihənin icrasında əsas məqsəd gənclərin kitaba marağını artırmaq, sosial aktivliyi inkişaf etdirmək, nitq qabiliyyətinin möhkəmləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-publisistik üslubda məqalə və esse yazmaq bacarığının və gənclər arasında sağlam rəqabətin formalaşdırılmasıdır.
ADPU-un III kurs tələbəsi Taleh Mirzəyev
