Peşə Təhsili üzrə Dövlət Agentliyi “British Council” təşkilatı ilə əməkdaşlığı genişləndirir

Peşə Təhsili üzrə Dövlət Agentliyi “British Council” təşkilatı ilə əməkdaşlığı genişləndirir Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib, “British Council” təşkilatı ilə birgə icra olunan “Turizm-xidmət sahəsi üzrə kadrların hazırlanması və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində görülən işlərə dair müzakirələr aparılıb.
Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən peşə təhsili müəssisələrinin nümayəndələrinin yanvarın 26-dan fevralın 10-dək Böyük Britaniyada “Bacarıqların inkişafı” mövzusunda keçirilmiş təlimdə iştirakının və bu istiqamətdə işlərin gələcəkdə davam etdirilməsinin peşə təhsili sahəsində əhəmiyyəti vurğulanıb.
Samr Şah peşə təhsilinin inkişafı istiqamətində birgə layihələrin davamlılığının vacibliyini vurğulayıb. O, hər iki ölkənin peşə təhsili müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və bu istiqamətdə artıq Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Böyük Britaniyanın “Westminister Kingsway” Kolleci arasında niyyət protokolunun imzalanmasının bu sahədə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb.
Görüşdə gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, peşə təhsili ürzə pilot “Karyera Mərkəzi”nin yaradılmasına dair ilkin razılıq əldə edilib.
Sonra Böyük Britaniyada “Bacarıqların inkişafı” mövzusunda təşkil olunmuş təlimdə iştirak edən nümayəndə heyəti tərəfindən peşə təhsili sahəsində bu ölkənin təcrübəsinə dair təqdimatlar olub.

Mətbuat Xidməti

Oxşar xəbərlər