Azərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilib

Azərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilib Bu gün Azərbaycan Universitetində Gənc tədqiqatçıların II respublika elmi konfransı keçirilib. Konfransda Bakı, Naxçıvan və regionlarda fəaliyyət göstərən 44 təhsil müəssisəsi, akademiya, elmi-tədqiqat institutlarında oxuyan və fəaliyyət göstərən, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarını təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçılar əldə etdikləri elmi yenilikləri müzakirə edib, fikir mübadiləsi aparıblar.
Əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ümummilli liderin büstünün önünə gül səbəti qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru Səadət Əliyeva açıb. Rektor qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bunu zəruri edən bir sıra amillər vardır. Cənab prezident İlham Əliyev Azərbaycanda neft ixracına əsaslanan iqtisadiyyatdan insan kapitalına və texnologiyalara əsaslanan iqtisadiyyata keçid strategiyasını bəyan edib. Ölkəmizdə yeni innovativ texnologiyalara əsaslanan sənaye sahələrinin qurulmasını nəzərdə tutan bu strategiyanın uğurla yerinə yetirilməsi innovativ biliklərə malik insan kapitalının yaradılmasından asılıdır. Bu kapital isə məktəb, universitet, auditoriya, seminar və konfranslarda formalaşır. Gənclərin elmi-tədqiqat fəaliyyətinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində görülən işlər gələcəyin etibarlı təminatı intellektual səviyyəli, müasir biliklərə sahib yüksək potensiallı kadrların yetişdirilməsinə xidmət etməlidir.
Səadət Əliyeva bildirib ki, ölkəmizdə hər il fevralın 2-sinin Gənclər günü kimi qeyd olunması, həmin gün müxtəlif sahələr üzrə uğur qazanmış gənclərin Prezident sərəncamı ilə mükafatlandırılması, tələbə, magistrant və doktorantların təqaüdlərinin artırılması, onların sosial problemlərinin həlli istiqamətində ciddi addımların atılması artıq öz nəticələrini verir. Sevindirici haldır ki, elmi fəaliyyətlə məşğul olmağa qərar verən, özünün gələcəyini bu fəaliyyət sahəsində görən gənclərimizin sayı ildən-ilə artır.
Bunu nəzərə alan Azərbaycan Universiteti gəncləri yeniliklərə, innovasiyalara, yeni texologiyalara yönəltmək istiqamətində fəaliyyət göstərir. Bu gün təşkil edilən Gənc tədqiqatçıların II respublika elmi konfransı da məhz bu fəaliyyətin tərkib hissəsidir. Rektor deyib: “İnanıram ki, Azərbaycan Universitetində təşkil olunmuş konfranslar sizlərin gələcəkdə ciddi tədqiqatçı alimlər kimi yetişməyinizdə əhəmiyyətli rol oynayacaqdır. Çünki hər bir elmi konfrans əldə olunmuş elmi nəticələrinizi təqdim və müzakirə etmək üçün yeni imkan deməkdir”.
Səadət Əliyeva konfrans iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra AMEA Tarix İnstitutunun Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, Ali Attetasiya Komisssiyası təbiət elmləri şöbəsinin müdir müavini, fizika üzrə elmlər doktoru Sakin Cabarov, Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Xədicə Cəfərova çıxış edərək elmi konfranslarda iştirakın əhəmiyyətini vurğulayıb, bu tipli tədbirlərin yalnız gənc tədqiqatçıların deyil, bütün alimlərin laboratoriyalarda əldə etdikləri nəticə və yenilikləri ictimaiyyətə çatdıra biləcəkləri əvəzedilməz platformalar olduğunu bildirib.
Çıxış edənlər Azərbaycan Universitetində təşkil olunan konfransların beynəlxalq arenalarda təqdim edilə biləcək tədbirlər olduğunu vurğulayıb, gənc tədqiqatçıları Azərbaycan elminin dünya reytinqində yüksəlməsinə töhfə verməyə səsləyiblər.
Açılışın ardından konfrans işini tarix və hüquq; filologiya - ədəbiyyat; filologiya – dilçilik; iqtisadiyyat; sosiologiya; riyaziyyat, fizika və İKT; tədris metodikası olmaqla 7 bölmədə davam etdirib.
Konfrans bağlanış mərasimi ilə başa çatıb. Universitetin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov elmi fəaliyyətlə məşğul olmağı özünə peşə və həyat tərzi seçdikləri, əldə etdikləri nəticə və yenilikləri Azərbaycan Universiteti tərəfindən təşkil olunan konfransa təqdim etdikləri üçün konfrans iştirakçılarına təşəkkür edib. Yusif Qasımov bildirib ki, konfransa 300-dən çox məqalə təqdim olunub, onlardan 228-i qəbul edilib, gün ərzində bölmələrdə isə 120-dən çox məruzə dinlənilib. Prorektor deyib: “Bizim tədbiri dəyərli edən sizin məruzələrinizdir. Təqdim etdiyiniz məqalələr müsbət rəy aldığı üçün sizi təbrik edir, konfransın bölmələrində iştirak edən gənc tədqiqatçılar arasından elmi mühit üçün dəyərli alimlərin yetişəcəyinə inanıram".
Sonda tədbirin istiqamətləri üzrə ən yaxşı elmi tədqiqat işlərinin müəllifləri xüsusi sertifikatlarla mükafatlandırılıb.
Tarix və hüquq - Elnur Kəlbizadə
Filologiya (ədəbiyyat) - Nərgiz Məmmədbəyli
Filologiya (dilçilik) - Ayşən Allahverdiyeva
İqtisadiyyat - İlyas Hüseynov Sosiologiya - Ülviyyə Mehralıyeva
Riyaziyyat, fizika və İKT - Nəzrin Dolxanova
Tədris metodikası - Pərvanə Məmmədova
Konfrans materialları toplu şəklində çap olunub və iştirakçılara təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilibAzərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilibAzərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilibAzərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilibAzərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilibAzərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilib

Oxşar xəbərlər