ADU-da “Türklərin yazı sistemi - əlifbaları” mövzusunda mühazirə keçirilib

ADU-da “Türklərin yazı sistemi - əlifbaları” mövzusunda mühazirə keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Azərbaycan dilçiliyi kafedrasının birgə təşkilatçılığı ilə “Türklərin yazı sistemi - əlifbaları” mövzusunda mühazirə keçirilib.
Laboratoriyanın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov mühazirəsində ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının tarixən bir neçə yazı sistemindən istifadə etdiyini vurğulayıb: “Elmi ədəbiyyatda çox vaxt yanlış olaraq run və ya runik yazı adlandırılan göytürk, yaxud Orxon-Yenisey yazısının nə vaxt və harada yaranması haqqında indiyədək yalnız fərziyyələr irəli sürülüb. Türkcənin türklər tərəfindən yazıldığı ilk əlifba göytürk yazısıdır. Göytürklərdən sonra dövlət idarəçiliyini ələ keçirən uyğurların hakimiyyəti dövründə istifadə olunan türk yazıları türk tarixinin fərq baxımından ən rəngli əlifbalarıdır. Bu dövrdə uyğur, soğd, mani, brahmi, tibet, süryani kimi yazı sistemləri ilə bir çox uyğur türkcəsi mətnləri qeyd edilib”.
Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ofelya Babayeva diqqətə çatdırıb ki, tələbələr “Türkologiyaya giriş” fənnində türk dillərinin səciyyəvi xüsusiyyətləri ilə ümumi şəkildə tanış olurlarsa, “Müasir türk dili” fənninin timsalında konkret qohum bir dilin fonemlər sistemi, leksik tərkibi və qrammatik quruluşunu daha ətraflı öyrənirlər. “ADU-da bir çox əcnəbi dillər tədris olunur. “Müasir türk dili” fənninin tədrisi qohum dillərin öyrənilməsi baxımından tələbələr üçün bir imkandır. Bu fənn “Azərbaycan dialektologiyası”, “Azərbaycan dilinin tarixi” fənlərinin daha dərindən mənimsənilməsinə kömək edir”, - deyə Ofelya Babayeva bildirib.
Sonda tələbələrin sualları cavablandırılıb.

ADU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər