Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi 80 illik yubileyini qeyd edir

Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi 80 illik yubileyini qeyd edir Bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, Rusiya Rektorlar Şurasının prezidenti akademik Viktor Sadovniçi 80 illik yubileyini qeyd edir.
V.Sadovniçi 1992-ci ildən Rusiyanın ən nüfuzlu ali təhsil ocağına rəhbərlik edir. Rusiya Prezidenti Vladimir Putinin yubilyara təbrik məktubunda deyilir ki, məhz V.Sadovniçiyin elmi nüfuzu, təşkilatçılıq qabiliyyəti və novatorluq səyləri sayəsində MDU dinamik inkişaf edir.
V.Sadovniçi Azərbaycanın səmimi dostudur. O, Azərbaycana mütəmadi səfərləri zamanı ölkəmizdə təhsilin inkişafını, elm sahəsinə dövlət qayğısını, akademik Nərgiz Paşayevanın rəhbərlik etdiyi MDU-nun Bakı filialının nailiyyətlərini yüksək qiymətləndirir.
V.Sadovniçinin rəhbərlik etdiyi M.V.Lomonosov adına Moskva Dövlət Universiteti də bu günlərdə 265 illik yubileyini qeyd edəcək. MDU-nun 43 fakültəsində 50 mindən çox tələbə təhsil alır. Burada 15 elmi-tədqiqat institutu, 300-dən çox kafedra fəaliyyət göstərir. Ali məktəbin 11 məzunu Nobel mükafatı laureatıdır. MDU-nun altı filialından biri də Bakıda uğurla fəaliyyət göstərir.

Fəridə Abdullayeva

Oxşar xəbərlər