Paytaxt məktəblərində akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Paytaxt məktəblərində akademik Zərifə Əliyevanın xatirəsi anılıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə akademik Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.
Məktəblərdə keçirilən tədbirlərdə akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, elmi-ictimai fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.
Tədbirlərdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olunub, mahnılar ifa edilib. Akademik Zərifə Əliyevaya həsr edilən sənədli filmlərdən parçalar göstərilib, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.
Həmçinin bəzi paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Zərifə Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri təşkil olunub.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər