İnnovasiyalar nüfuz göstəricisi kimi

İnnovasiyalar nüfuz göstəricisi kimi Avropanın yenilikçi universitetlərinin reytinqi açıqlanıb
Müasir ali təhsil sistemlərinin ən xarakterik xüsusiyyətlərindən biri onun innovativ dəyişikliklərə hazır olması, innovasiyalar yaratması və onlardan geniş istifadəsidir. İnnovasiyalar hər uğurlu universitet üçün özünü təsdiq etmək, təşəbbüskarlıq, dünya miqyasında kəşfləri ilə tanınmaq və nüfuz göstəricisidir.
Dünyanın ən nüfuzlu media qurumlarından hesab olunan “Reuters” agentliyi artıq bir neçə ildir ki, Avropanın ən yenilikçi universitetlərinin reytinq cədvəlini tərtib edir. “Reuters” in 2019-cu il üzrə növbəti reytinq cədvəlinə əsasən, Belçikanın Levensk Katolik Universiteti artıq 4 ildir ki, Avropanın ən innovativ universiteti elan olunub. Belçikanın Flandriya ərazisində yerləşən və 1425-ci ildə papa V Marti tərəfindən əsası qoyulmuş ali məktəb bu günə kimi çoxsaylı mühüm kəşflərin ünvanı hesab olunur. Bu universitetin alimlərinin patent sifarişlərinə başqa alimlər tez-tez istinad edirlər - həm akademik dairələrdən, həm də sənayenin özəl sektorundan. Universitet davamlı olaraq bütün dünyada və Avropada tədqiqatçılara təsir göstərən böyük patent sayına malikdir. Hazırda onların sayı 305-dir. Ali məktəbin 1972-ci ildə əsası qoyulmuş Tədqiqat Mərkəzi (“Research & Development” ) Avropada texnologiyaların ötürülməsi üzrə ilk ofislərdən biridir və universitetə müxtəlif sənaye sahələrində 124-dən çox şirkət yaratmağa kömək edib.
Almaniyanın Erlanqen-Nürnberq Universiteti bu il 2 sıra yüksələrək 2-ci yeri (238 patent) tutub. Daha sonra London İmperial Kolleci, Kembric Universiteti və Lozanna Federal Politexnik Məktəbi yer alıb.
Almaniya top-100-lükdə 23 universitetlə ən çox təmsilçilik sayına malikdir. Böyük Britaniya 21, Fransa 18, Niderland 9, Belçika 7, İspaniya və İsveçrə hərəsi 5, İtaliya 4, Danimarka 3, Norveç 2, Avstriya və İrlandiya hərəsi 1 universitetlə təmsil olunub.
Tədqiqat “Reuters” agentliyinin “Clarivate Analytics” ilə əməkdaşlığı çərçivəsində aparılıb. Patent sifarişləri “Clarivate Analytics” və “Reuters” reytinqinin əsas meyarlarından biridir. Bundan başqa, “Web of Science” məlumatlarına əsasən elmi məqalələrdən sitatgətirmənin tezliyi də bu reytinqin əsasını təşkil edir. Tədqiqatda məqsəd universitetlərin unikal tədqiqatlar aparmasını, faydalı texnologiyalar yaratmasını və qlobal iqtisadiyyatı stimullaşdırmasını müəyyən etməkdir.
Reytinqin tərtib olunması üçün “Clarivate Analytics” tərəfindən ən akademik tədqiqatları dərc edən 600-dən çox qlobal təşkilat müəyyən edilib. Sonra hər bir müəssisə əsasən patent sifarişləri, elmi işlərdən sitatgətirmə kimi 10 müxtəlif metrika üzrə qiymətləndirilib, daha sonra regionlar üzrə bölüşdürülüb.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər