Nüfuzlu universitetlərin reytinqi düşür

Nüfuzlu universitetlərin reytinqi düşür Yeni tədqiqat növbəti tendensiyaları üzə çıxarıb
Böyük Britaniyanın təhsil sahəsində ixtisaslaşmış Quacquarelli Symonds (QS) konsaltinq şirkətinin universitetlərin növbəti qlobal reytinqinə həsr olunmuş tədqiqatı dünya ali təhsil sistemində bir sıra tendensiyalardan xəbər verir.
QS-in dünyanın 1000-dən artıq ən yaxşı universitetinin reytinq cədvəlinin yuxarı pilləsində nisbətən az saylı nüfuzlu ali məktəblərin yer alması diqqətə səbəb olub. Ənənəvi olaraq ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT), Stenford və Harvard universitetləri reytinqin dəyişilməz “üç”lüyünü təşkil edir. Dördüncü yerdə olan Oksford Universiteti Böyük Britaniyanın ən yaxşı ali təhsil müəssisəsi kimi əvvəlki mövqeyini qorumaqdadır.
QS-in növbəti reytinqə həsr olunmuş arayış hissəsində qeyd olunur ki, bütün bunlarla yanaşı həm ABŞ, həm də Böyük Britaniya üçün həyəcan doğura biləcək tendensiyalar var. ABŞ və Böyük Britaniyanın əksər universitetləri bu il reytinqdə aşağı düşüb. Çox zaman bu, reytinqin tərtib olunmasında istifadə olunan əsas kriteriyalardan biri - beynəlxalq tələbə əmsalının aşağı göstəriciləri ilə bağlı olur.
QS hesab edir ki, ABŞ və Böyük Britaniyada siyasi çərçivədə hansı qərarların qəbul olunmasından asılı olmayaraq digər ölkələrdən olan ali məktəblər adı çəkilən ölkələrin “ağır çəkili” nüfuzlu universitetlərini sıxışdırmağa başlayacaq.
Rusiya ali məktəblərinin lideri olan M.V. Lomonosov adına Moskva Dövlət Universiteti bu il nəinki 100 ən yaxşı ali məktəb arasında yer ala bilib, həmçinin ötənilki reytinqlə müqayisədə altı pillə yüksələrək 84-cü yeri tutmağa müvəffəq olub. Belə bir uğura MDU qismən dünya üzrə ən aşağı müəllim-tələbə nisbətinə görə nail olub. Bu bölmədə Rusiya ali təhsilinin lideri 100 mümkün baldan 99,7 bal toplayıb.
Növbəti reytinqdə Azərbaycanı Bakı Dövlət Universiteti (801-1000 aralığında) təmsil edir. Qeyd edək ki, Quacquarelli Symonds 2014-cü ildən altı meyar - akademik reputasiya (40%), müəllim-tələbə nisbəti (20%), elmi məqalələrdən sitatgətirilmə əmsalı (20%), işəgötürənlər arasında nüfuzu (10%), xarici tələbələrin payı (5%), xarici müəllimlərin payı (5%) üzrə ali məktəbləri qiymətləndirir.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər