Akademik Təyyar Cəfərovun 80 yaşı tamam olur

Akademik Təyyar Cəfərovun 80 yaşı tamam olur Görkəmli fizikaçı alim, Fizika İnstitutunun laboratoriya rəhbəri, akademik Təyyar Cəfərovun 80 yaşı tamam olur.
Cəfərov Təyyar Cümşüd oğlu 1939-cu il iyul ayının 18-də Bakı şəhərində anadan olub. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. T.Cəfərovun 1961-1978-ci illərdə elmi fəaliyyəti SSRİ EA Yarımkeçiricilər İnstitutu və A.F.İoffe adına Fizika-Texnika İnstitutu ilə bağlı olub. Burada o, aspirant, elmi işçi, böyük elmi işçi və Diffuziya prosesləri sektorunun rəhbəri vəzifələrində işləyib. 1978-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda labora­toriya rəhbəri, direktor müavini olub. Hazırda Günəş və hidrogen enerji­sinin çeviriciləri laboratoriyasının rəhbəridir.
1965-ci ildə "Yarımkeçiricilərdə daxili və xarici elektrik sahələrinin diffuziyaya təsiri" mövzusunda fizika üzrə fəlsəfə doktoru, 1974-cü ildə "Yarımkeçiricilərdə aşkar arası əlaqənin və defektlərin diffuziyaya təsiri" mövzusunda isə fizika üzrə elmlər doktoru olub. 1982-ci ildə professor elmi adını alıb, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
1980-1993 illərdə Azərbaycan Neft və Kimya Akademiyasında Ümumi fizika və Yarımkeçiricilər elektronikası dərslərini deyib. 1996-2004-cü illərdə Qaradəniz Texnik Universitetində (Trabzon) və Yıldız Texnik Universitetində (İstanbul) yarımkeçiricilər fizikası, optoelektronika, yüksək-temperaturlu ifrat keçiricilər fizikası, diffuziya prosesləri və s. kurslarından mühazirələr oxuyub. 2000-ci ildə "Yüksək temperaturlu ifrat keçiricilər" mövzusunda İtaliya universitetində mühazirələr oxuyub və Per la Ricerca Di Base Universitetinin (Molize, İtaliya) Fəxri professoru seçilib.
Alimin əsas elmi nailiyyətləri yarımkeçiricilərdə və yarımkeçirici cihazlarında diffuziya hadisələri və nano-quruluşlu silisium əsaslı fotovoltaik günəş və hidrogen yanacaq elementləri ilə əlaqədardır. Onun rəhbərliyi ilə yarımkeçirici strukturlarda aşkarların diffuziya və elektrodiffuziya hədisələrinə radiasiya və işığın təsiri araşdırılıb, miqrasiya və deqradasiya hadisələrinin mexanizmlərı müəyyən edilib və bir sıra stabil parametrli yarımkeçirici cihazların (geterolazerlər, işıq diodları, tunnel diodları, infraqırmızı detektorlar, günəş elementləri və s.) texnologiyası işlənib və tətbiq olunub. Nanoquruluşlu silisium əsasında yüksək effektivliyə malik olan silisium günəş elementlərinin və hidrogen enerjisini birbaşa elektrik enerjisinə çevirən və ətraf mühitə zərər verməyən yeni tip hidrogen elementlərini əldə etmə texnologiyası işlənib.
T.Cəfərov 9 monoqrafiya və kitabın, 330-dan çox məqalənin və 15 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 5 elmlər doktoru və 32 elmlər namizədi hazırlanıb.
MDB və Avropa ölkələrinin Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası yanında Elektronika texnikasının funksional materialları Elmi Şurasının büro üzvü olan alim elmi nailiyyətlərinə görə SSRİ Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif edilib.
Görkəmli fizikaçı alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

Tehsil-press.az

Oxşar xəbərlər