Peşə sahibi olmaq istəyənlərin sayı artır

Peşə sahibi olmaq istəyənlərin sayı artır Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün açıqlanacaq
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsi dünən başa çatıb. Bu mərhələdə 6000-ə yaxın namizəd sənəd qəbulunda iştirak edib. Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulunun 1-ci mərhələsində 11 mindən çox ərizəçi müraciət edib. Onlardan 8808-i peşə təhsili müəssisələrinə qəbul olunub.
Rəqib olacaq yeni ixtisaslar yaranır
Peşə təhsili müəssisələrinə ildən-ilə tələbat artır. Azərbaycan dövləti tələbatı nəzərə alaraq təhsilin bu sahəsinə diqqəti artırıb. İstər həmin müəssisələrin maddi-texniki bazasının gücləndirilməsinə, istərsə də təhsilverənlərin keyfiyyət göstəricilərinin artırılmasına yönələn ardıcıl addımlar atılıb və bu proses eyni sürətlə davam edir. Ən müasir tələblərə cavab verən peşə təhsili müəssisələri və ya ixtisaslar yaradılır. Bunun nəticəsidir ki, hər il peşə təhsili müəssisələrinə üz tutanların sayı artır.
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsinin nəticələri göstərdi ki, nüfuz qazanan ayrı-ayrı peşə sahələri də var, illər keçdikcə nüfuzunu itirib tələb olunmayan ixtisaslara çevrilənlər də. Məsələn, builki sənəd qəbulunun birinci mərhələsində müraciət edənlər ən çox dərzi, aşpaz, kompüter operatoru, elektrik qaz qaynaqçısı, xalçaçı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, mehmanxana inzibatçısı ixtisaslarına üstünlük verib. Aşpaz, əməliyyatçı mühasib, bərbər ixtisasları ötən il də ən çox seçilənlər olub. Hətta bu ixtisaslar üzrə ödənişli əsaslarla da təhsil almaq istəyənlərin sayı kifayət qədər çox olub. Nəticədə, aşpaz, veb-dizayner və turizm agenti ixtisaslarına güclü rəqabət formalaşıb və həmin istiqamətlər üzrə hazırlıq həyata keçirilən ixtisaslara orta attestat balı 4 baldan yuxarı olanlar qəbul olunub.
Dünən yekunlaşan sənəd qəbulunun ikinci mərhələsi də göstərdi ki, ötən illə bu il arasında ciddi fərq qeydə alınmayıb. Sənaye üzrə yeni ixtisaslar açılması, müasir tələblərə cavab verən yeni ixtisasların sayının artması aşpaz, dərzi, bərbər, xalçaçı kimi ənənəvi ixtisasları gözdən sala bilməyib. Ancaq bu ixtisaslarla rəqabət apara biləcək başqa nüfuzlu ixtisaslar da yaranıb. Məsələn, turizm təşkilatçısı, veb-dizayner, neft və qaz operatoru, heyvandarlıq mütəxəssisi də ən çox seçilənlərdən olub.
Ən yeni ixtisaslar yeni Peşə Təhsil Mərkəzində
Yeni peşə təhsili müəssisələri və yeni ixtisaslardan danışarkən bu tədris ilindən fəaliyyətə başlayacaq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzini qeyd etməmək olmaz. Cari tədris ilindən fəaliyyətə başlayacaq təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesi üçün nəzərdə tutulan kurikulumlar koreyalı ekspertlər və özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.
Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb-dizayner və proqram təminatçısı və avtomatika üzrə usta adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil həyata keçiriləcək. Mərkəzin artıq 174 tələbəsi var. Belə ki, 2019-2020-ci tədris ili üzrə yeni Peşə Təhsil Mərkəzinə sənəd qəbulunun birinci mərhələsində uğur qazanmış 174 nəfər peşə təhsili müəssisəsində qeydiyyatdan keçib. İkinci mərhələ üzrə nəticələrin isə sentyabrın 12-dək açıqlanması nəzərdə tutulur.
Bu dəfə peşə seçənlər kimlərdir?
Peşələr bəllidir. Onların böyük bir qismi sənəd qəbulunun birinci mərhələsində seçildi və mövcud plan yerlərinin əksəriyyəti tutuldu. Bəs, ikinci mərhələdə kimlər iştirak edə bilərdi və etdi?
“ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilən sənəd qəbulunun nəticələri elan olunmayıb. Ona görə də hələlik bu mərhələnin iştirakçıları, onların təhsil göstəriciləri barədə fikir söyləmək mümkün deyil. Sadəcə onu deyə bilərik ki, şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılan qəbul öz şərtlərinə görə birinci mərhələdən fərqlənməyib. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu isə müsabiqədənkənardır.
Sənəd qəbulu prosesinin ikinci turuna birinci turda iştirak etməyən şəxslər də qatıla bilərdi. Bu da birinci turda iştirak etmək istəyib, amma edə bilməyənlər, peşə seçməyə sonradan qərar verənlər üçün böyük şans oldu. Birinci mərhələdə öz imkanlarını düzgün dəyərləndirə bilməyənlər ikinci şansı yəqin ki, əldən buraxmadı.
İkinci şans
Bir sözlə, şansını dəyərləndirənlər qazandı. Onların qazancı hələlik tələbə adı və ömürlük sahib olacaqları bir peşədir. Bu qazanc illər keçdikcə daha da böyüyəcək. Peşə məktəbində kadr olaraq daha qısa müddətdə, yəni 1-2 ilə yetişəcək, mütəxəssis olaraq daha tez püxtələşəcək, məzun olub hamıdan qabaq iş-güc sahibi olacaqlar. Hələ oxuya-oxuya qazana biləcəyi təqaüd və ya rəmzi rəqəmlərlə ifadə olunsa belə, əməkhaqqını demirik.

Ruhiyyə DAŞSALAHLI




Oxşar xəbərlər