ADU-da ingilis dili mütəxəssisləri üçün yeni təlimlərə başlanılır

ADU-da ingilis dili mütəxəssisləri üçün yeni təlimlərə başlanılır Azərbaycan Dillər Universitetinın (ADU) nəzdində fəaliyyət göstərən Dil və Tərcümə Xidmətləri Mərkəzi ölkəmizdə ingilis dilini öyrənənlərə və müəllimlərə dəstək üçün bir sıra layihələr həyata keçirir.
Mərkəz ingilis dili üzrə tədris proqramlarını təlim sessiyaları vasitəsilə həyata keçirir. Məqsəd dil öyrənənlərin, eləcə də müəllimlərin ingilis dili bacarıqlarını artırmaq və onlara yeni perspektivlər təklif etməkdir. Bu məqsədlə mərkəzdə indiyədək TKT - “Teaching Knowledge Test” (tədris bilik və bacarıqları üzrə test) təlimi, akademik yazı və oxu təlimi, APTİS test təlimi, “Peşəkar tərcümənin əsasları” silsiləsindən təlim, “Diplomatik tərcümə” üzrə təlim təşkil olunub. Təlimlərdə ümumilikdə 250 nəfər iştirak edib. Təlimlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində reallaşıb. Bu ali məktəblərdən tələbə və müəllimlər mərkəzdə keçirilən təlimlərdə fəal iştirak edərək sertifikatlarla təltif olunublar.
Bu dəfə isə mərkəz müəllimlər üçün APTİS test təliminə start verir. Bu proqram bütün dünyada müəllimlərin ingilis dili bacarıqlarını yoxlamaq üçün Təhsil nazirlikləri və müəssisələri tərəfindən istifadə edilə bilən bir təlimdir. Bu, məxsusi olaraq təhsil sektoru üçün işlənib hazırlanıb. Tam şəkildə mövcud sistemlərə inteqrasiya oluna və yerli qaydada idarə oluna bilər ki, bu da müəllimlərin ingilis dili səviyyəsinin vaxt keçdikcə müşahidə edilməsinə və təlim proqramlarının uğurunun effektiv şəkildə ölçülməsinə imkan verir.
Proqramdan istifadə edən müəssisələrin sırasına nazirliklər, universitetlər, dil məktəbləri, beynəlxalq və özəl məktəblər daxildir. APTİS test təlimi dil daşıyıcısı olmayan ingilis dili müəllimləri üçün peşəkar tədris bilik və bacarıqları üzrə test imtahanıdır. Bu, tədris təcrübəsindən asılı olmayaraq bütün müəllimlər üçün ideal şansdır. APTİS proqramının test məzmunu konkret olaraq müəllimlərə aiddir və suallar müəllimlərin hər gün rastlaşdıqları mövzu və ssenariləri əhatə edir. Nəticədə suallar namizədlərə tanış gəlir və onlar sualın məzmununa deyil, konkret olaraq dilə fokuslana bilirlər. Proqramdan bütün dünyada universitetlərdə və məktəblərdə dərs deyən ingilis dili və digər fənn müəllimləri, genişmiqyaslı dil proqramlarının, o cümlədən kommersiya xarakterli proqramların ingilis dili müəllimləri, müəllimlərin təlimi və ya universitet proqramlarının tələbələri, təhsil sahəsində çalışan digər mütəxəssislərin test edilməsi üçün istifadə oluna bilər.
APTİS test təlimi oxu, yazı, danışıq və dinləmə bacarıqlarını ayrı-ayrılıqda və ya birlikdə qiymətləndirir. Danışıq və yazı bacarıqları ingilis dili mütəxəssislərindən ibarət heyət tərəfindən qiymətləndirilir ki, bu da yüksək səviyyədə dəqiqliyi təmin edir. APTİS çoxsaylı formatlarda istənilən vaxt, istənilən yerdə operativ nəticələrlə təqdim edilə bilər. Bu proqram müəllimlərin etibarlı şəkildə qiymətləndirilməsinə imkan verən operativ, ədalətli və mötəbər test sistemidir və ingilis dili bacarıqlarının dəqiq və etibarlı şəkildə qiymətləndirilməsini təmin edir.
Dil və Tərcümə Xidmətləri Mərkəzi peşəkar insanların öz potensialını artırmasına və karyera yüksəlişinə nail olmasına şərait yaratmaq məqsədilə bu kimi təlimlər, eyni zamanda, imtahanlar təşkil edir. Beynəlxalq səviyyədə tanınan bu imtahanlar nəticəsində əldə olunan sertifikatlar bəzən şirkət və müəssisələrin yeni və mövcud işçilər üçün qoyduğu qaçılmaz tələb xarakteri alır.
“Təlimlərlə yanaşı, yeni tədris ilindən ADU-da ilk dəfə həm bu təhsil ocağının, həm də digər universitetlərin tələbələri üçün magistratura hazırlığına başlayırıq. Nəzərinizə bir məsələni də çatdırım ki, Dil və Tərcümə Xidmətləri Mərkəzində sosial layihələr də təşkil olunur. Universitetdə təhsil alan və maddi imkani zəif olan tələbələrin əlavə dil biliklərinin inkişaf etdirilməsinə, digər hazırlıqlara qatılmasına təmənnasız yardım ediləcək. Müəllimlərə, tələbələrə müraciət edərək bildirmək istərdim ki, biliklərinizi daha da artırmaq istəyirsinizsə, Dil və Tərcümə Xidmətləri Mərkəzi sizə gözəl imkanlar təklif edir. Bunun üçün çox əlverişli şərait mövcuddur, mərkəz müasir təhsil və tədris standartlarına uyğundur. Bu imkanlardan maksimum yararlanın”, - deyə E.Hüseynov bildirib.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər