ADA Universitetində dövlət qulluqçuları üçün təlim başlayıb

ADA Universitetində dövlət qulluqçuları üçün təlim başlayıb Sentyabrın 30-da ADA Universitetində fəaliyyət göstərən Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi İtaliyanın Berqamo Universiteti ilə birgə dövlət qulluqçuları üçün üçhəftəlik peşəkar təlimlərə start verib. Təlim proqramı oktyabrın 18-dək davam edəcək.
Açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təlimin “Terrorizm və onunla mübarizə” mövzusunu əhatə etdiyini deyib. Bildirib ki, təlimin əsas məqsədi müvafiq sahədə çalışan dövlət qulluqçularının müasir terror təhdidləri, onun növləri və qaynaqları, ona qarşı mübarizə yolları haqqında biliklərini təkmilləşdirmək, müvafiq xarici təcrübəni araşdırmaqdır. Peşəkar təlim proqramı ADA Universiteti, İtaliyanın Berqamo Universiteti və Əlcəzairin Setif 2 Universiteti ilə birgə “PraNet” beynəlxalq layihəsi çərçivəsində həyata keçirilir. Layihə universitetlərarası şəbəkələrin yaradılması və genişlənməsini, peşəkar təlim proqramlarını və tələbə mübadiləsini dəstəkləyir.
Berqamo Universitetinin professoru Mikele Brunelli “PraNet” layihəsinin təqdimatını edib, proqram haqqında ətraflı məlumat verib.
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxışında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanda müşahidə olunan sabitlik, dini tolerantlıq və multikulturalizm mühitinin ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını vurğulayıb. Azərbaycan ilə əlaqələrin İtaliya hökuməti üçün böyük əhəmiyyət daşıdığını bildirən səfir əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da möhkəmləndirildiyini diqqətə çatdırıb. Auqusto Massari qeyd edib ki, dünyada terrorizmə qarşı mübarizə bütün ölkələrin diqqət mərkəzindədir. Azərbaycan bu sahədə fəaliyyətinə görə ön sıralardadır.
Əlcəzairin Setif 2 Universitetinin prorektoru Naouel Abdullətif Mami bildirib ki, millətlər, xalqlar arasında olan dini, milli, irqi fərqlilik onları düşmənçiliyə yox, əməkdaşlığa sövq etməlidir. Bu fərqliliklərə baxmayaraq, dünyada sülhün bərpa olunmasında məqsədimiz birdir.
Naouel Abdullətif Mami bu sahədə birgə həyata keçirilən proqramlar və layihələrin uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.
Əlcəzair səfirliyinin nümayəndəsi Ridha Nebias ölkəsinin terrorizmə qarşı mübarizədə həyata keçirdiyi siyasi strategiya haqqında məlumat verərək bildirib ki, bütün dövlətlər müvafiq sahədə əməkdaşlığa açıq olmalıdır.
ADA Universitetində fəaliyyət göstərən Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzinin direktoru Nərgiz İsmayılova İtaliyanın Berqamo Universiteti ilə birgə icra olunan ikili əməkdaşlıq layihəsindən danışıb. Məlumat verilib ki, layihə iki hissədən ibarətdir. Layihə çərçivəsində magistratura proqramına başlanılıb. Proqrama əsasən dərslər İtaliyada keçirilir. Üçillik layihə müddətində hər il İtaliyaya 6 tələbə göndəriləcək. 2019-cu ilin fevral ayında artıq 6 tələbə İtaliyaya göndərilib. Onlar noyabr ayında proqram üzrə təhsillərini başa vuracaqlar. Növbəti 6 tələbənin 2020-ci ilin fevralında göndərilməsi nəzərdə tutulur. Layihənin ikinci hissəsində isə Azərbaycanda dövlət qulluqçuları üçün təlimlər keçirilməsi nəzərdə tutulur. “Artıq bunun da icrasına başlamışıq. Ümid edirəm ki, təlimdə iştirak edənlər üçün faydalı biliklər verə biləcəyik”, - deyə mərkəzin direktoru bildirib.
Xatırladaq ki, Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi ADA Universitetində 2013-cü ildən fəaliyyət göstərir. Mərkəz ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədilə dövlət qulluqçuları, tələbələr, şagirdlər də daxil olmaqla, ictimai qruplar üçün təhsil və təlim kursları həyata keçirir. Dövlət strukturlarının təlim ehtiyaclarından asılı olaraq bu kurslar Avropa İttifaqı ilə bağlı siyasi, iqtisadi biliklər, enerji, ətraf mühit qanunvericiliyi, informasiya texnologiyaları və media, insan hüquqları, miqrasiya və təhlükəsizlik mövzularını əhatə edir.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər