ADU-nun Tərcümə fakültəsində xarici dillər üzrə 700 tələbə təhsil alır

ADU-nun Tərcümə fakültəsində xarici dillər üzrə 700 tələbə təhsil alır Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsində ingilis, alman, fransız, ispan, italyan, Koreya dilləri üzrə 700 tələbə təhsil alır. Bu gün həm xaricdə, həm də respublikamızda fəaliyyət göstərən xarici şirkətlərdə, səfirliklərdə, nazirliklərdə və digər müəssisələrdə, eləcə də müxtəlif səviyyəli tədbirlərdə dil sədlərini aradan qaldıran mütəxəssislərin əksəriyyəti məhz Tərcümə fakültəsinin məzunlarıdır.
Bu fikirləri Beynəlxalq Tərcüməçilər Gününə həsr olunmuş tədbirdə fakültənin dekanı, dosent Bənövşə Məmmədova səsləndirib.
Tədbirdə professor Qılıncxan Bayramov tərcümə sahəsində qarşıya çıxan problemlərdən, bu problemləri necə həll etməyin yollarından danışıb.
Dosent Vilayət Hacıyev isə bildirib ki, yaxşı tərcüməçi olmaq üçün ana dilini mükəmməl bilmək lazımdır. Vilayət Hacıyev bədii tərcümənin çətinliklərindən də söz açıb. O, Tərcümə fakültəsinə qəbul olunan tələbələrin hər zaman fərqləndiyini qeyd edib.
Tərcüməçi Xaqani Əliyev tərcümənin növləri, tərcümə prosesi zamanı yol verilən səhvlər, şifahi və yazılı tərcümə, sinxron və ardıcıl tərcümə arasındakı oxşar və fərqli cəhətlər, tərcümənin mərhələləri, tərcümə prosesində tələb olunan bacarıqlar haqqında məlumat verib. Xaqani Əliyev bədii tərcümə haqqında da geniş məlumat verərək, ingilis dili üzrə tərcüməçi – şair Sabir Mustafanın, alman dili üzrə dosent, tərcüməçi Vilayət Hacıyevin bu sahənin mütəxəssisi olduğunu vurğulayıb.
Tədbirdə “Şəms” tərcümə mərkəzinin rəhbəri, “ASAN xidmət”in tərcümə və apostil xidmətlərinin rəhbəri Nəsimi Həsənov tərcümənin növlərindən, hansı dillərə daha çox tələbat olduğundan, eləcə də tərcümə bazarında bugünkü tələblərə uyğun meyarlardan danışıb və tələbələrin suallarını cavablandırıb.
ADU-nun məzunu və tərcüməçi Əli Əhmədov Azərbaycanda tərcüməçi bazarı, tərcümənin növləri, peşəkar tərcüməçi kimi yetişməyin yolları barədə öz təcrübələrini bölüşüb.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər