Bakı Ali Neft Məktəbində növbəti dəfə TEDxBHOS konfransı keçiriləcək

Bakı Ali Neft Məktəbində növbəti dəfə TEDxBHOS konfransı keçiriləcək Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə oktyabrın 12-də ali məktəbin Konqres zalında TEDxBHOS konfransı keçiriləcək.
Konfransın əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək, onların fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir. Bununla yanaşı, konfrans tələbələrə, eləcə də yerli ictimaiyyətə zamanını daha səmərəli bölmək, faydalı çıxışlar vasitəsilə təsirli və yenilikçi fikirləri olan yeni insanları tanımaq fürsəti yaradacaq.
Builki konfransda müxtəlif sahələri təmsil edən 6 spiker “Praqmatizm” başlığı altında öz ideyalarını iştirakçılarla bölüşəcəklər.
TED “Yayılmağa Dəyər Fikirlər”ə həsr olunmuş qeyri-kommersiya təşkilatıdır. İdeya ilk dəfə ABŞ-da 1984-cü ildə yaranıb. İldə iki dəfə keçirilən TED hər il dünyanın ayrı-ayrı ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, paylaşılmağa dəyər ideyaları natiqlər vasitəsilə dünyaya çatdırır.
TEDxTED-in “Yayılmağa Dəyər Fikirlər” missiyasının ruhunda yaradılıb. TEDx proqramı ictimai birlikləri, qurumları və fərdləri danışıq və əlaqələrə təşviq etmək üçün nəzərdə tutulub. Hər bir fərd öz yaşadığı şəhərdə və ya oxuduğu təhsil müəssisəsində fərdi olaraq TEDx konfransını təşkil edə bilər.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin tələbə heyəti ötən ildən etibarən TED-in lisenziyası əsasında TEDxBHOS konfransını təşkil edir.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər