ADU-da mühazirə: Azərbaycan Xalq Cümhuriyyətinin təhsil və dil siyasəti

ADU-da mühazirə: Azərbaycan Xalq Cümhuriyyətinin təhsil və dil siyasəti Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ofelya Babayeva və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil və dil siyasəti" mövzusunda birgə mühazirə keçirilib.
Elçin İbrahimov dərsin mahiyyətindən danışaraq, birgə mühazirələrin ADU-nun rektoru, akademik Kamal Abdullanın ideyası əsasında təşkil olunduğunu bildirib. O, birgə mühazirələrin xarici ölkələrin universitetlərində çoxdan tətbiq edildiyini, ADU-da belə mühazirələrin tələbələrin biliklərinin daha da təkmilləşməsinə töhfə verəcəyinə inandığını deyib.
O.Babayeva bildirib ki, ADU hər zaman təhsil islahatlarından irəli gələn yeni tələblərə cavab verən bir universitet kimi seçilib. Uzun müddətdir ki, ADU-nun filologiya fakültəsində Azərbaycan filologiyası ixtisası üzrə təhsil alan tələbələrə “Ölkəşünaslıq” fənni tədris edilir. Bu fənn vasitəsilə tələbələr təhsil aldıqları ixtisas dili ilə yanaşı, həmin dili təmsil edən dövlətin tarixini, ədəbiyyatını, mədəniyyətini də öyrənirlər.
Sonra tələbələrə məlumat verilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli izlər buraxıb. Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirilib, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyənləşdirilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Cümhuriyyət hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib.
Birgə mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər