ADU-da Türkiyə Araşdırmaları Mərkəzi fəaliyyətə başlayıb

ADU-da Türkiyə Araşdırmaları Mərkəzi fəaliyyətə başlayıb Azərbaycan Dillər Universitetində (ADU) Türkiyə Araşdırmaları Mərkəzinin açılış və Türkiyənin Ali Təhsil Şurasının sədri, professor Yekta Saraçın ADU-nun fəxri doktoru adı ilə təltif olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla professor Yekta Saraçın türkoloji aləmdə, elm quruculuğunda adı olan və bu işlərə öz həyatını, daxili enerjisini vermiş insan kimi nəinki Türkiyədə, həmçinin Azərbaycanda və bu ölkənin sərhədlərindən xeyli kənarda ciddi alim kimi tanındığını bildirib. ADU-nun fəxri doktorları siyahısına belə alim və mötəbər insanın daxil edilməsinə ürəkdən sevindiyini bildirən Kamal Abdulla Y.Saraçın ADU-nun tələbə, müəllim, gənc tədqiqatçılarını daim diqqət mərkəzində saxlayacağına, bu ali təhsil ocağının Türkiyə universitetləri ilə əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inandığını deyib. Rektor 20-dən çox ölkənin universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən danışaraq, yeni mərkəzin – Türkiyə Araşdırmaları Mərkəzinin açıldığını qeyd edib.
Y.Saraç iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığın mövcud olduğunu qeyd edərək təhsil sahəsindəki əlaqələrin vacibliyindən danışıb. Dilin mədəniyyətin simvolu olduğunu deyən Y.Saraç ADU-nun dillərin öyrədilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O, Türkiyədə Azərbaycan dili, mədəniyyəti, ədəbiyyatının öyrədilməsinə xüsusi önəm verdiklərini vurğulayıb. Y.Saraç Azərbaycan və Türkiyə universitetləri arasında əlaqələrin qurulması və möhkəmləndirilməsinə xüsusi diqqət ayıracağını bildirib.
ADU-nun elmi şurasının qərarına əsasən, Y.Saraç Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində, həmçinin təhsil, mədəniyyət və elm istiqamətində əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə bu ali məktəbin fəxri doktoru adı ilə təltif olunub. Kamal Abdulla professor Y.Saraça ADU-nun fəxri doktoru diplomunu təqdim edib. Qonaq ADU-nun fəxri qonaqlar üçün xatirə dəftərinə ürək sözlərini yazıb.
Türkiyə Araşdırmaları Mərkəzinin müdiri Aynur Beşkonak, ADU-nun rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev universitetdə baş verən əlamətdar hadisələrlə bağlı xoş sözlərini ifadə ediblər.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər