Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar

Avropa İttifaqının Azərbaycanda təhsil və təlimlə bağlı inkişaf prosesləri - Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı”nın icrası, o cümlədən "Turin prosesi 2018-2020"nin nəticələrinin təqdim olunması və təcrübələrin paylaşılmasına dair seminar keçirilib.
Seminarın keçirilməsində əsas məqsəd peşə təhsili və təlimi ( PTT) müəssisələrinin dəyərinin təbliğ edilməsi, qrantların təmini və gələcək tədbirlərlə bağlı məsələlərin müzakirə olunmasıdır.
Seminarda Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və digər dövlət qurumları, PTT məktəbləri, fəaliyyət qrantlarını təmin edən müəssisələr, donorlar, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Avropa Təlim Fondunun (ETF) nümayəndələri iştirak ediblər.
Tədbirdə "Turin Prosesi 2018-2020"nin nəticələri müzakirə olunub. Həmçinin milli hesabatlar və ETF-nin qiymətləndirmə barədə hesabatlarının təqdimatı ilə yanaşı, prosesin nəticələrini təqdim və müzakirə etmək, tövsiyələr əsasında görüləcək tədbirləri müəyyən etmək, Azərbaycanda PTT sektoruna Avropa İttifaqının cari və gələcək yardımlarının ayrılması seminarın prioritet mövzularından olub.
Seminarda Təhsil nazirinin müavini İdris İsayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək qeyd olunan mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Bildirilib ki, Avropa İttifaqının 2014-cü il üzrə İllik Fəaliyyət Proqramında Azərbaycanın təhsil və təlim sektorunun inkişafına dəstək məqsədilə maliyyə yardımı ayrılıb. Yardım çərçivəsində PTT sahəsində islahatların aparılması, Milli Kvalifikasiyalar Çərçivəsi, o cümlədən çoxfunksiyalı təlim mərkəzlərinin müasirləşdirilməsi üçün qrant mexanizminin yaradılması və həyata keçirilməsinə kömək göstərilməsi nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər