Azərbaycan Texnologiya Universitetində “Vikipediya” təlimlərinə başlanılıb

Azərbaycan Texnologiya Universitetində “Vikipediya” təlimlərinə başlanılıb Azərbaycan Texnologiya Universitetində “Vikipediya” Metodik Mərkəzinin yaradılması ilə əlaqədar görüş keçirilib. Görüş Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü ilə reallaşdırılıb.
Tehsil-press.az xəbər verir ki, “viki” könüllülərlə görüşdə onlara “Vikipediya”da məqalələrin yaradılması və redaktəsi haqqında məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycan Texnologiya Universitetinin müəllimi, “Viki” qrupun rəhbəri Aliq Bağırov müasir dünyada informasiya texnologiyalarından istifadənin gündən-günə artdığını söyləyib.
“Bu gün sərbəst elektron resurs sayılan “Vikipediya” dövrümüzdə ən populyar axtarış sistemləri sırasındadır. Komanda olaraq “Vikipediya”nın Azərbaycan dili bölməsində ölkəmizin tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri haqqında məqalələrin zənginləşdirilməsinə çalışacıyıq. Ölkədə başlanan “Vikipediya” hərəkatına öz töhfəmizi vermək istəyirik”, - deyə Aliq Bağırov qeyd edib.
Qeyd edək ki, təlimlər Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, azərbaycandilli ”Vikipediya”nın idarəçisi, “Vikimedia” Fondunun qlobal idarəçisi Rüfət Rəhimov tərəfindən keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər