Mədəniyyət naziri gələn il üçün əsas hədəfi açıqladı

Mədəniyyət naziri gələn il üçün əsas hədəfi açıqladı Dekabrın 27-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.
Kollegiya iclasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirdi.
Nazir müavinləri, Aparatın işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirak etdiyi iclası açan nazir Əbülfəs Qarayev əvvəlcə Fərəh Əliyevanı yeni səlahiyyətləri münasibətilə təbrik etdi və ona işlərində uğurlar arzuladı.
Sonra nazir gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. Qeyd etdi ki, kollegiya iclasında beş məsələ müzakirə ediləcək. İclasda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi Nəsiminin 650 və Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq hazırlanmış tədbirlər planının icrası, Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə mütəxəssis hazırlığının vəziyyəti barədə, Mədəniyyət Nazirliyinin 2017-2018-ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında, 2019-cu ildə mədəniyyət sahəsində görülən işlər və 2020-ci ilin birinci yarısının iş planının təsdiqi üzrə məruzələr dinləniləcək. Diqqətə çatdırıldı ki, nazirliyin birillik fəaliyyəti haqqında hesabat yazılı şəkildə bütün iclas iştirakçılarına paylanılıb. Buna görə də hesabatla bağlı məruzələrdə ən mühüm hadisələrin əhatə edilməsi nəzərdə tutulub.
Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov nazirliyin tədbirlər planına uyğun olaraq, İ.Nəsimi və C.Cabbarlının yubileyləri ilə bağlı görülən işlərə dair məruzə ilə çıxış etdi. Bildirildi ki, il ərzində Nəsiminin yubileyi ilə bağlı 500-dən çox müxtəlif səpkili tədbir təşkil olunub. Şöbə müdiri bu Bakıda altıncı dəfə keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkası və tədbirin ölkəmizdə kitab sənətinin inkişafına verdiyi töhfələr haqqında söz açdı.
Qeyd olundu ki, hesabat dövründə Azərbaycan ədəbiyyat xadimləri ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən görkəmli ədəbiyyat xadimlərinin yubileylərinin qeyd olunması haqqında sərəncamlar imzalanıb. Bu sərəncamlarla bağlı nazirlik tərəfindən tədbirlər planı hazırlanaraq icra olunub. Böyük Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi mütəfəkkir şairin yaradıcılığının daha geniş tədqiq və təbliğ olunmasına imkanlar yaradıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə bu il ikincisi keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində 30-dək tədbir keçirilib. C.Cabbarlının 120 illik yubileyi ilə əlaqədar Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası ilə birgə Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla müvafiq tədbirlər həyata keçirilib.
Daha sonra nazir Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin 2019-cu ildəki fəaliyyəti haqqında geniş hesabatla çıxış etdi.
İl ərzində nazirliyin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən Əbülfəs Qarayev 2019-cu ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, mədəni irsimizin təbliği istiqamətində görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərdən ətraflı söz açdı. Diqqətə çatdırdı ki, yola salacağımız il Azərbaycan mədəniyyətində ən yaddaqalan illərdən oldu: “Cənab Prezidentin 2019-cu ili “Nəsimi ili” elan etməsi həm də mədəniyyət, ədəbiyyat, fəlsəfə, Azərbaycan dilinə xüsusi münasibət baxımından əlamətdardır. Çünki böyük şairin yaradıcılığı bütün bu sahələri əhatə edir və Azərbaycan mədəniyyətində, məfkurəsində dərin iz qoyub. 50 il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. Bu il isə Prezident İlham Əliyev 50 ildən sonra bu dahi şairin adını XXI əsrdə yenindən dünyanın diqqət mərkəzinə qaytardı”.
Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği barədə danışan nazir vurğuladı ki, bu il də ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı mötəbər forum və konfranslara ev sahibliyi edib. İyunun 30-dan iyulun 10-dək ölkəmizdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Tədbirin təşkili UNESKO ilə ölkəmiz arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bakı sessiyasında 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb. Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının da bu siyahıda yer alması ölkəmizin böyük uğurudur. Əbülfəs Qarayev bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın UNESKO-dakı nüfuzunun xüsusi rol oynadığını vurğuladı.
Nazir həmçinin mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd etdi, Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırdı.
Nazir əlamətdar musiqi hadisələri, rəngarəng tədbirlər, müsabiqələr, festivallar, dünyaca məşhur musiqiçilərin Bakı səhnəsində çıxışlarını ilin zəngin səhifələrindən olduğunu dedi. Qeyd etdi ki, aprel ayında Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycandakı səfirliyi və “Kreml baleti” teatrının təşəbbüsü ilə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illik yubiley tədbirləri çərçivəsində SSRİ Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunub.
Bu il də dövlət başçısının sərəncamları ilə Azərbaycanın musiqi mədəniyyətinin inkişafına mühüm xidmətləri olan bir sıra görkəmli sənətkarların yubileyləri yüksək səviyyədə qeyd olundu. Nazir həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə ənənə təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı, eləcə də Bakı Beynəlxalq Caz Festivalı və digər layihələrin əhəmiyyətini vurğuladı.
Nazir çıxışında başa çatan ildə musiqi, teatr və təsviri sənət sahələrinin inkişafı, habelə milli incəsənətimizin dünyada tanıdılması naminə müxtəlif beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, o cümlədən sərgi, festival, mədəniyyət günləri və s. keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, görülən tədbirlər, həyata keçirilən layihələr müasir Azərbaycan incəsənətinin təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Əbülfəs Qarayev Azərbaycan teatrının zəngin yaradıcılıq ənənələrinin qorunması, səhnəmizdə bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, günün tələblərinə uyğun repertuarın formalaşması, həmçinin informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü layihələr həyata keçirilib. Qeyd olundu ki, təsviri və dekorativ-tətbiqi sənət sahəsində ölkəmizdə ilk dəfə olaraq yeni formalaşmış auksion ənənəsinin əsası qoyulub. “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində bu il də dünyanın müxtəlif ölkələrindən rəssamlar iştirak edib.
Dövlət əhəmiyyətli tədbirlərin təşkilinin yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdıran nazir bu işdə əməyi keçənlərə təşəkkürünü bildirdi. Qeyd edildi ki, Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsinin nəticəsidir ki, bu gün muzeylərimizə gələn ziyarətçilərin sayında əhəmiyyətli artım müşahidə olunur. Bir il ərzində Azərbaycan Milli Xalça Muzeyinin 122 min ziyarətçisi olub və bu rekord göstərici sayıla bilər. Əbülfəs Qarayev 2019-cu ildə bir neçə muzeydə müasir audiobələdçilərin tətbiqinin əhəmiyyətini vurğuladı. Dedi ki, bu cür innovativ yeniliklər digər muzeyləri də əhatə etməlidir.
Nazir beynəlxalq əməkdaşlıq sahəsində il ərzində əldə edilən uğurlardan söz açdı. Bildirdi ki, mədəniyyət sahəsində xarici siyasət strategiyasına uyğun olaraq, beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi məqsədilə, eyni zamanda innovativ inkişaf sahəsində mühüm layihələr bundan sonra da davam etdiriləcək. UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının uğurla keçirilməsi, Bakı şəhərinin UNESKO-nun yaradıcı şəhərlər siyahısına daxil olması mühüm nailiyyətdir.
Kinematoqrafiya, İnformasiya və ictimaiyyətlə əlaqələr, Xalq yaradıcılığı və mədəni marşrutların təşkili, Regional siyasət, Kitab dövriyyəsi və nəşriyyatlarla iş, Elm və tədqiqatlar və digər şöbələrin səmərəli işini dəyərləndirən nazir 2019-cu il üçün uğurlu layihələrdən biri kimi Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan, rus, ingilis dillərində “Azərbaycanın mədəniyyət təqvimi” adlı elektron kataloqun hazırlanmasını qeyd etdi. Dedi ki, layihənin məqsədi Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə, tanıdılmasına, mədəniyyətlərarası informasiya mübadiləsinə praktik töhfə verməkdir.
Kollegiya iclasında 2019-cu ilin yekunlarına dair hesabat qəbul edildi. Həmçinin Mədəniyyət Nazirliyinin 2020-ci ilin birinci yarım ilinin iş planı təsdiq olundu.
Nazir sonda bir daha diqqətə çatdırdı ki, 2020-ci ildə əsas hədəf bütün sahələrdə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri günün tələbləri səviyyəsinə çatdırmaqdan ibarətdir.
Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzuladı.

Tehsil-press.az


Oxşar xəbərlər