BANM-də Gənclər günü qeyd olunub

BANM-də Gənclər günü qeyd olunub Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, BANM-in professor-müəllim heyəti, administrativ heyəti və tələbələri iştirak ediblər.
Rektor Elmar Qasımov Ali Məktəbin gənclərinin timsalında bütün Azərbaycan gənclərini ürəkdən təbrik edib.
Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə “Creative Business Cup” və “Climate Launchpad” müsabiqələrində Azərbaycan ikincisi olmuş, etdiyi ixtiraya görə “İlin ixtirası” adına layiq görülən “Climasel” (asma tavan üçün enerjiyə qənaət edən panellər) startap layihəsinin rəhbəri BANM-in dosenti Əmir Reza Vəxşuri və komanda üzvləri təltif olunublar. Belə ki, Climasel panelləri innovativ yolla kondisionerlərə sərf olunan enerjiyə, həmçinin pula 25% qənaət etmiş olur.
Tədbirdə həmçinin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkil etdiyi “CanSat Azerbaijan - 2019” müsabiqəsində iştirak edərək ali təhsil ocaqları arasında II yeri tutmuş BANM-in “Can of Duty” komandasının üzvləri mükafatlandırılıb.
Gənclərə həsr olunmuş tədbirdə “İnnovasiya Festivalı” çərçivəsində Gənclər və İdman, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar nazirliklərinin dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş III Robot Olimpiadasında iştirak edərək I yerin qalibləri, həmçinin Azərbaycanı Macarıstanda keçirilən Dünya Robot Olimpiadasında təmsil etmiş “NAR” komandasının rəhbəri, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri, dosent Nailə Allahverdiyeva və komanda üzvləri də təltif olunublar.
Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilmiş Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) kafedrasının tələbələri “Intrusion Detection System for Apache2 WebServer” layihəsi ilə “Hackathon-2019” müsabiqəsində I yer tutublar. PAM tələbələrinin təqdim etdiyi layihə Ali Məktəbdə “İlin layihəsi” adına layiq görülüb.
Rektor Elmar Qasımov BANM-in “Kimya mühəndisliyi” ixtisasının V kurs tələbələri Kənan Sadıqov və Sənan Həsənzadəni tələbələr arasında sosial fəaliyyətlərin təşkilində fəallığına görə “İlin tələbəsi” elan edib və onların hər ikisini Ali Məktəbin Təşəkkürnaməsi ilə təltif edib. Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) Bakı Ali Neft Məktəbi bölməsinin prezidenti, Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Toğrul Tahirov “Ən fəal klub rəhbəri” adına layiq görülərək təltif olunub. BANM-in Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi İnyama Somtoçukvu Çidinma Ali Məktəbdə keçirilmiş tədbirlərdə fəal iştirakına görə əcnəbi tələbələr arasında “İlin ən fəal əcnəbi tələbəsi”, qış imtahanı sessiyasındakı qazandığı uğurlu nəticələrinə görə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nigar Əhmədova “İlin ən əzmkar tələbəsi” adına layiq görülüb. Qış imtahan sessiyyasının nəticələrinə görə “İlin ən çalışqan əcnəbi tələbəsi” adına Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Ukaive Stiven Fraydi layiq görülüb.
BANM tələbələrinin ifasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş “O olmasın, bu olsun” operettasında Məşədi İbad rolunu uğurla ifa etdiyinə görə Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Cavid Məcidov “İlin ən yaxşı aktyoru” elan olunub.
Tədbirdə Ali Məktəbin idman həyatında fəal iştirak etmiş tələbələr də mükafatlandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər