Akademik Ramiz Məmmədov 45 illik elmi yaradıcılığını Xəzər dənizinin tədqiqinə həsr edib

Akademik Ramiz Məmmədov 45 illik elmi yaradıcılığını Xəzər dənizinin tədqiqinə həsr edib AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, görkəmli xəzərşünas alim, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, akademik Ramiz Məmmədovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyinə həsr edilmiş tədbir keçirilib.
AMEA-da keçirilən tədbirdə əvvəlcə iştirakçılar alimin elmi fəaliyyətindən və kitablarından bəhs edən sərgi ilə tanış olublar.
Görkəmli alimi yubileyi münasibətilə təbrik edən AMEA-ın birinci vitse-prezidenti İbrahim Quliyev onun Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunduğunu söyləyib. Ramiz Məmmədovun 45 illik elmi yaradıcılığını əsasən Xəzər dənizinin tədqiqinə həsr etdiyini bildirən İ.Quliyev onun bu sahədə elmi tədqiqatlarını və ölkəmizdə coğrafiya elminin inkişafında xidmətlərini yüksək qiymətləndirib.
Akademik Fəxrəddin Qədirov Ramiz Məmmədovun həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, Ramiz Məmmədov 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. Elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb. Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb. O, Azərbaycanda və dünyada Xəzər dənizinin tədqiqatları üzrə tanınmış mütəxəssisdir. Alimin tədqiqatları əsasən Xəzər dənizinin aktual problemlərinə - hidrologiyasına, hidrofizikasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafı modelinin yaradılmasına və ümumiyyətlə, Xəzərin ekocoğrafiyasına həsr olunub. Ramiz Məmmədov Xəzərdə 15-dən artıq dəniz ekspedisiyasının iştirakçısı və çoxunun rəhbəri olub, onların tədqiqat planını tərtib edib. Akademikin bu sahədə uzunmüddətli tədqiqatlarının ümumiləşdirilmiş nəticələri 2007-ci ildə işıq üzü görmüş “Hidrometeoroloji dəyişkənlik və Xəzər dənizinin ekocoğrafi problemləri” kitabında əksini tapıb. Onun ölkə iqtisadiyyatında önəmli yer tutan Xəzər dənizinin hidrometeorologiyası, səviyyə tərəddüdləri, axınları və neft ləkələrinin yayılması və ekocoğrafiyası ilə bağlı yazdığı fundamental əsərləri Bakıda, Moskvada, ilk dəfə hazırladığı irihəcmli “Xəzər dənizinin hidrometeorologiyası” atlası isə İranda və Kanadada nəşr olunub. Ramiz Məmmədov 1980-ci ildə “Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə” mövzusunda namizədlik, 1995-ci ildə “Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yayılmasına təsiri” mövzusunda doktorluq işini müdafiə edib. 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib, 2009-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi dərəcəsi verilib. 2014-cü ildən isə AMEA-nın həqiqi üzvüdür.
Bildirilib ki, coğrafiyaçı alim 320-dən artıq elmi məqalə, 15 kitab və 1 atlasın müəllifidir, onun 20-dən çox işi AMEA-nın mühüm nəticələrinin siyahısına daxil edilib. Akademikin baş redaktoru olduğu “Azərbaycan Respublikasının coğrafiyası” əsəri Dövlət mükafatına layiq görülüb. Elmi fəaliyyətlə yanaşı, alim elmi-təşkilati və kadr hazırlığı məsələləri ilə məşğul olub. Onun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb.
Qeyd edilib ki, Ramiz Məmmədov 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. O, 2012-ci ildən AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktorudur. Eyni zamanda, 2015-ci ildən Milli Məclis yanında Toponomiya Komissiyasının üzvüdür. 2016-cı il martın 2-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə akademik Ramiz Məmmədov “Azərbaycanın Fövqəladə Hallar Atlası”nın hazırlanmasında məsul katib təyin edilib.
Tədbirdə çıxış edən Coğrafiya İnstitutunun direktor müavini, dosent Məhərrəm Həsənov, dosent Mirnuh İsmayılov, alimin həmkarları və dostları akademik Ramiz Məmmədovun Azərbaycan coğrafiya elminin inkişafında və dünyada təbliğində mühüm xidmətlərindən söz açıblar. Bildirilib ki, görkəmli xəzərşünas alim müxtəlif beynəlxalq konfrans və simpoziumlarda ölkəmizi, Azərbaycan elmini layiqincə təmsil edib. O, həmçinin dünyanın 40-dan çox ölkəsində keçirilmiş konfranslara sədrlik edib, elmi məruzələrlə çıxış edib. Alim uzun illərdir Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti kimi bu sahənin təbliğində və inkişafında əvəzsiz xidmətlər göstərir. Hazırda AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışan Ramiz Məmmədov burada güclü elmi-texniki bazanın yaradılmasına, yeni tədqiqat istiqamətlərinin, xüsusilə tətbiqi elm sahələrinin inkişafına, Azərbaycan coğrafiya elminin dünya elmlərinə inteqrasiya prosesinə mühüm töhfələr verib.

Tehsil-press.az

Oxşar xəbərlər