UNEC-in alimlərinin nüfuzlu elmi bazalarda dərc olunan məqalələrinin sayı artır

UNEC-in alimlərinin nüfuzlu elmi bazalarda dərc olunan məqalələrinin sayı artır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin təkmilləşdirilməsi məqsədilə fakültələrin hesabatlarının dinlənilməsinə start verilib.
Biznes və menecment fakültəsində keçirilən tədbirdə universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov ali təhsil müəssisəsində elmi fəaliyyət sahəsində hesabatlılığı və şəffaflığı, elmi-tədqiqat nəticələrinin obyektiv təhlil və qiymətləndirilməsini təmin etmək məqsədilə görülən işlərdən danışıb, gələcək tədqiqatları “UNEC-100 İnkişaf Strategiyası”na uyğun qurmağın vacibliyini vurğulayıb.
Sonra fakültənin biznesin idarə edilməsi, ticarət və gömrük işinin təşkili, menecment, riyaziyyat, Azərbaycan dili, rus dili kafedralarının hesabatları dinlənilib.
Qeyd olunub ki, fakültə üzrə 2019-cu ildə 1 monoqrafiya, 3 dərslik, 6 dərs vəsaiti, 6 proqram və metodik göstəriş, 125 elmi məqalə çap olunub. Məqalələrdən 96-sı respublikada, 29-u xaricdə dərc olunub. Onlardan 9-u “Web of Science” elmi bazasına daxil olub, 3 məqalə isə impakt faktorlu jurnallarda dərc edilib.
Tədbirdə elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov UNEC-də həyata keçirilən elmi fəaliyyət və yeniliklər barədə hesabatla çıxış edib.
Bildirilib ki, dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters” şirkətinin təlimləri Azərbaycannın ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də təşkil olunub. Universitet 2016-cı ildən “Thomson Reuters”in “Web of Science” platformasına abunə yazılıb. Əməkdaşlıq müddətində UNEC-in professor-müəllim heyətinin “Web of Science”ə daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. Belə ki, UNEC-in 1991-2018-ci illərdə “Web of Science”ə daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56 faizi (43 əsər) son 3 ilin payına düşür. Beləliklə, UNEC-in həm “Web of Science”, həm də “Skopus” elmi bazasında dərc olunan məqalələrinin sayı sürətlə artır.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər