
Görüşdə Sarayevo Universiteti Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq və şərqşünas alim Adnan Kadriç 70 yaşlı elm ocağının uğurlarından, habelə elmi müəssisə ilə Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi arasında əməkdaşlıqdan söhbət açıb.
Görüşdə iştirak edən Şərq-İslam incəsənəti araşdırmaları şöbəsinin əməkdaşı Amina Şilyak-Yesenkoviç Nəsiminin şeirlərini Bosniya dilinə çevirən qrup üzvlərindən biridir. O, bu işdən qürur duyduğunu bildirib.
Azərbaycan diplomatı Samir Məlikli qeyd edib ki, Nəsiminin şeirlərinin Bosniya dilinə tərcüməsinə ötən ilin ortalarından başlanılıb. Artıq layihə sona çatıb. Universitetin tanınmış elm xadimləri - professor Adnan Kadriç, doktor Amina Şilyak-Yesenkoviç, fəlsəfə fakültəsinin professoru Alena Çatoviç, professor Elvir Musiç İmadəddin Nəsiminin 85 şeirini Bosniya dilinə tərcümə ediblər. Bu heyət martın 13-dən 22-dək AMEA-nın dəvəti ilə Bakıya səfər edəcək. Bundan başqa, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov Sarayevo şəhərində ezamiyyətdə olub. Azərbaycan Respublikasının Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfirliyinin səyi nəticəsində Nəsiminin əsərlərinin əlyazmaları AMEA-ya verilib. Bütün bunlar Nəsimi irsinin tədqiqi və təbliği işinə yeni töhfədir.
Tehsil-press.az