Hüriyə Səlimova: Xaricdə oxuyan tələbələrimiz Dağlıq Qarabağ münaqişəsi haqqında tam məlumatlı olmalıdırlar

Hüriyə Səlimova: Xaricdə oxuyan tələbələrimiz Dağlıq Qarabağ münaqişəsi haqqında tam məlumatlı olmalıdırlar Azərbaycan Universitetinin tərcümə (ingilis dili) ixtisası üzrə IV kurs tələbəsi Hüriyə Səlimova 2019/2020-ci tədris ilinin payız semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Koblenz Universitetində oxuyub.
Artıq Vətənə qayıdan Hüriyə Almaniyadakı təhsili ilə bağlı təəssüratlarını bölüşüb.
“Xaricdə təhsil almaq istəyi məndə orta məktəb illərində yaranıb və magistratura pilləsini xaricdə oxumağı qarşıma məqsəd qoymuşam. 2016-cı ildə Azərbaycan Universitetinə qəbul olmağım isə məni bu arzuma daha tez çatdırıb. Bir semestrlik də olsa, xaricdə oxuyub təcrübə qazanmaq şansını dəyərləndirdim. Magistraturanı xarici ölkələrdən birində oxumaq fikrim isə hələ də qüvvədə qalır. Tələbəliyin ilk günlərindən başlayaraq ingilis dili səviyyəmi yüksəltmək və təkmilləşdirmək üçün əzmlə çalışırdım. Bütün mərhələləri uğurla başa vurandan sonra sentyabr ayında Almaniyaya yola düşdüm. Burada beynəlxalq tələbələrin dərsləri mühitə uyğunlaşa bilmələri üçün iki həftə daha tez başlayır. Buna görə də adaptasiya çox da çətin olmadı. “Erasmus” tələbəsi olduğum üçün Azərbaycan və Koblenz universitetlərinə hər hansı ödəniş etmədim, proqram tərəfindən aylıq 850 avroluq təqaüdlə təmin olundum. Təqaüdün miqdarı yaşayış, qidalanma və digər xərclərimi tam ödəyirdi, həmçinin Almaniyaya gediş-gəliş yol xərci ilə də təmin olundum, Avropanın 10-a yaxın ölkəsini görmək imkanı əldə etdim. Ailəmdən uzaqda yaşamaq mənə müstəqil qərarlar verməyi, çətin vəziyyətlərdən çıxış yolu tapmağı, büdcəmi idarə etməyi öyrətdi. Fərqli mədəniyyətlərlə, adət-ənənələrlə necə deyərlər, qaynayıb-qarışdım. Fərqli mədəniyyətləri və insanları tanımaq, öyrənmək və anlamaq, əvəzində isə öz xalqını, öz mədəniyyətini onlara təqdim etmək imkanı xaricdə təhsilin ən böyük üstünlüklərindəndir. Koblenz Universiteti haqqında onu deyə bilərəm ki, burada növbəli təhsil yoxdur. İxtisas üçün tələb olunan dərslər çərçivəsində tələbə fənləri özü seçir, günün istənilən vaxtında həmin dərsdə iştirak edə bilir. Təcrübəli professorlar tərəfindən aparılan dərslərdə əsasən qrup işlərinə üstünlük verilir. Tədris olunan mövzular tələbələrin elektron poçtuna göndərilir, tələbələr mövzu ətrafında araşdırma aparmalıdırlar. Qruplarda tələbə sayı strandart deyil, sayı 8 də ola bilər, 30 da. Multikultural ünsiyyətin və dialoqun təşviqi üçün müxtəlif xalqların nümayəndələri olan tələbələrin eyni qrupda olmasına diqqət yetirilir. Lakin tələbələrin icazə olmadan auditoriyadan çıxması, dərs zamanı yemək yeməsi və müəllimlərlə tələbələrin birlikdə əylənməsini mənfi hal kimi görürəm ”, - deyə Hüriyə Səlimova qeyd edib.
O deyib: “Xaricdə təhsil almaq arzusunda olan, yaxud artıq dəvət almış tələbələrə tövsiyəm odur ki, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətləri haqqında tam məlumatlı olsunlar. Qısa, yaxud uzunmüddətli olsun, oxumağa getdiyimiz yerlərdə erməni tələbələr də olacaq. Məlumatlı olmaqla yanaşı, müzakirə və debatlarda təmkinli olmaq da bizə üstünlük qazandıracaq və ölkəmizin haqlı mövqeyinin xarici tələbələrə çatdırılmasında böyük rol oynayacaq”.

Tehsil-press.az



Oxşar xəbərlər