Sibirdə azərbaycanlı tələbələrin sayı artacaq

Sibirdə azərbaycanlı tələbələrin sayı artacaq Novosibirsk Dövlət İqtisadiyyat və İdarəetmə Universitetinin (NDİİU) rektoru, iqtisad elmləri doktoru Aleksandr Novikov əmindir ki, humanitar və elmi əlaqələrin inkişafı Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əsasını təşkil edən amillərdən biridir.
Bu fikirlər Rusiyanın “Kapital stranı” saytında yerləşdirilmiş məqalədə öz əksini tapıb.
NDİİU artıq neçə onillikdir ki, Azərbaycanın ali məktəbləri ilə səmərəli əməkdaşlıq edir. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyası 2003-cü ildən Novosibirsk Universitetinin tərəfdaşıdır. Yeni layihələr hesabına bu əlaqələr daim genişlənir.
NDİİU-nun rektoru RF Dövlət Dumasının deputatı Dmitri Savelyevin başçılıq etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun jurnalisti ilə söhbət zamanı vurğulayıb: “Məsələn, hazırda fəal inkişaf edən “Təhsil ixracı” layihəsinin məqsədi ilk növbədə Rusiyaya əcnəbi tələbələr cəlb edilməsini hədəf seçib. Zənnimcə, Azərbaycana münasibətdə bu layihənin böyük perspektivləri var. Azərbaycan məktəblərində rus dilinin tədris edilməsi və Rusiya ali məktəblərinin müsbət imici buna şərait yaradır”.
Yeri gəlmişkən, keçən il Bakıda keçirilən beynəlxalq “Təhsil” sərgisində (EduExpo) Novosibirsk ali məktəblərinin nümayəndə heyətinin tərkibində NDİİU nümayəndələri də iştirak ediblər. Onlar bu sərgidə azərbaycanlı abituriyentləri Sibirin paytaxtında təhsil almaq imkanları ilə tanış edib və Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər. “Azərbaycanda keçirilən sərgidə biz ilk dəfə iştirak edirdik və sərginin təşkilinin səviyyəsi bizə çox müsbət təsir bağışladı. Deyə bilərəm ki, tədbirin işgüzar hissəsi peşə yönümü işi ilə üzvi şəkildə tamamlanırdı”, - deyən Aleksandr Novikov daha sonra əlavə edib ki, hazırda NDİİU-da təhsil alan azərbaycanlı tələbələrin sayı çox deyil, lakin cari ildə bu ali məktəb Azərbaycandan çoxsaylı abituriyentlər qəbul edilməsini planlaşdırır, çünki məzunlar və onların valideynləri EduExpo sərgisi çərçivəsində universitetlə yaxından tanış ola biliblər.
NDİİU-nun Rusiya təhsilinin ixracı sahəsində uğurları həm də onunla bağlıdır: burada əcnəbi tələbələrin mədəni inteqrasiyası məsələsinə çox diqqətlə yanaşırlar. Məsələn, 2015-ci ildə NDİİU-da Azərbaycan aylığı keçirilib. Bu tədbir çərçivəsində fotosərgi təşkil edilib, Azərbaycan mətbəxi, qonşularımızın mədəni və idman ənənələri təbliğ edilib. Aleksandr Novikov deyib: “NDİİU-da mütəmadi olaraq milli mədəniyyət günləri və həftələri keçirilir, milli bayramlar qeyd edilir. Əminəm ki, əgər Azərbaycandan olan tələbələr öz ənənələrini bölüşmək və başqa tələbələri öz ölkəsi ilə yaxından tanış etmək istəsələr, bu cür tematik tədbirlər hökmən baş tutacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər