Azərbaycanda 6 min 500-ə yaxın əcnəbi tələbə təhsil alır

Azərbaycanda 6 min 500-ə yaxın əcnəbi tələbə təhsil alır 2018-2019-cu tədris ilinin sonuna olan məlumata əsasən, yerli ali təhsil müəssisələrində 6 min 500-ə yaxın əcnəbi tələbə təhsil alır.
Əcnəbi tələbələrin böyük əksəriyyəti Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin Xalq Respublikası və Nigeriya olmaqla, ümumilikdə 90-dan çox ölkənin vətəndaşlarıdır.
Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti yer alır.
Bu ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin əsas hissəsi bakalavriat səviyyəsi və hazırlıq kurslarında təhsil alanlardır. Digər qismi isə magistratura, doktorantura və rezidenturada təhsil alırlar. Tələbələr sırasında tibb, sosial və humanitar elmlər, mədəniyyət-incəsənət və iqtisadiyyat və idarəetmə yönümlü ixtisaslarda təhsil alanlar üstünlük təşkil edir.
2018-2019-cu tədris ilindən etibarən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlər üçün təsis edilən təhsil qrantı proqramından sonra də Azərbaycanda təhsil almaq hüququ qazanmış ölkələrin coğrafi əhatəliliyi genişlənib. Belə ki, uzaq San-Tome və Prinsipi Demokratik Respublikası, Vanuatu, Lesoto və Timor-Leste kimi dövlətlərdən ilk dəfə əcnəbi tələbələr Azərbaycanın ali təhsil müəssisələrinə qəbul edilib.
Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsilinin təşviqi Təhsil Nazirliyinin prioritet istiqamətlərdən biridir.

Tehsil-press.az


Oxşar xəbərlər