
İllərdən bəri orta və ali təhsildə böyük səy və israrla beş ildən bir tətbiq etdiyimiz yeni tədris standartları, kurikulumlar, müxtəlif təhsil pillələri və səviyyələrinin məzunları üçün kompetensiyalar, valideynin tədris prosesinin üç əsas iştirakçısından biri olması, şagird və tələbənin əlinin altında olan dərsliklərimizin və digər tədris vəsaitlərinin, eləcə də elektron mənbələrin minimum tədris standartları tələblərinə cavab verib-vermədiyi və sair məsələlərin hansı vəziyyətdə olduğu barədə də düşünmək imkanı qazandıq...
Bakı Slavyan Universitetində (BSU) distant təlim texnologiyalarının yenicə başlanılmış tədris semestri ərzində tətbiqi ilə bağlı rektor, professor Nurlana Əliyevanın imzaladığı müvafiq əmrdə bu müddətdə tələbələrin tədris prosesinə məsafədən könüllü şəkildə qoşulmasını motivasiya edən tədbirlər nəzərdə tutulmuşdu. Bəzi bölgələrdə internetin zəif olması, kiminsə digər səbəblərdən internetdən yararlana bilməməsi və digər səbəblər araşdırılaraq, fakültə və şöbələrə gündəlik dərs cədvəlinin yerinə yetirilməsi istiqamətində tövsiyə və tapşırıqlar verildi, ilkin mərhələdə, yəni 10-28 mart tarixlərində [email protected], Skype, Moodle, Google meets, Zoom, Ms Teams, WhatsApp və sair platformalar üzərindən dərslərin təşkilinə imkan yaradıldı. Bütün tədris materiallarının (elektron mühazirə mətnlərinin, sillabusların, sərbəst işlərin mövzularının, imtahan suallarının, ayrı-ayrı ixtisaslar üzrə dərslik vəsaitlərinin və s.) [email protected] platformasına yüklənməsi universitetdə məsafədən təlimin təşkilinə ciddi dəstək verdi. Bunlarla yanaşı, BSU-nun xarici tərəfdaşlarla (A.S.Puşkin adına Rus Dili İnstitutu, Rusiya Xalqlar Dostluğu Universiteti, Rudomino adına Rusiya Xarici Ədəbiyyat Kitabxanası, Moskva Dövlət Linqvistik Universiteti, REA-nın Rus Ədəbiyyatı İnstitutu, Sofiya Universiteti, Veliko-Tırnovo Universiteti, Torn Universiteti və s.) bağladığı müqavilələrə uyğun olaraq, təhsilalanların və təhsilverənlərin müxtəlif tədris-məlumat bazalarına ödənişsiz qoşulması təmin edilmişdir.
Təhsil Nazirliyi tərəfindən universitetlərin mərkəzləşdirilmiş qaydada lisenziyalı Microsoft Teams platformasına keçirilməsi təşəbbüsünə qoşulan universitetimiz martın sonu-aprelin əvvəlində qısa müddət ərzində müəllim və tələbələrin qeydiyyatını həyata keçirdi. "MS Teams" platformasında artıq BSU-dan 4000-dək istifadəçi (müəllim və tələbə) qeydiyyatdan keçmişdir. Bu platformanın üstün cəhəti onun geniş və müxtəliffunksiyalı tədris imkanlarına malik olmasıdır. Digər əsas məqam isə təhsilalanların online tədris fəaliyyətinin mütəmadi olaraq qiymətləndirilməsi, testdən və sorğudan keçirilməsinin mümkünlüyüdür. Bizə elə gəlir ki, tələbələrin cari fəaliyyətinin qiymətləndirilməsi və gələcəkdə aralıq qiymətləndirmədə nəzərə alınması vacib məqamdır. Biz iki aya yaxın müddətdə virtual təlimdəyiksə, bunun ali təhsil qanunvericiliyi üzrə hüquqi-normativ aktlarda təsbitinə ehtiyac var. Nəzərə alaq ki, hər bir tədris proqramının müddəti var və bu müddətin vaxtında tamamlanması, ilk növbədə, təhsilalanların və onların valideynlərinin marağında olmalıdır.
Universitetin Elektron informasiya texnologiyaları (EIT) şöbəsi tərəfindən hər bir parametr və mövzu üzrə müəllimlər üçün yazılı və videotəlimatlar hazırlanmışdır. Bundan əlavə, "AnyDesk" propqramı vasitəsilə hər bir müəllimə məsafədən texniki dəstək göstərilərək, onlar üçün dərs cədvəllərinin qurulmasında texniki dəstək göstərilmişdir. Platformaya əvvəlcə müəllimlər daxil olmuş, tədris materialları "OneDrive" vasitəsilə sistemə yüklənmişdir. Daha sonra elektron dərs cədvəllərini tərtib etmiş, əsas qruplardan fənnin xüsusiyyətinə uyğun yarımqruplar və qrup birləşmələri yaradılmışdır.
Növbəti mərhələdə isə tələbələrə "MS Teams" platformasında daxil olmaları üçün login və parollar təqdim olunmuş, onlar həmçinin yazılı və video formada təlimatlandırılmışlar. Artıq tələbələr "MS Teams" vasitəsilə ilk dərslərdə iştirak etmiş, əksər müəllimlər apardıqları audio və videodərslərin təkrarını tələbələrin yenidən dinləməsi üçün yaddaşa yazmışlar.
BSU-nun tələbələrinin "MS Teams" platformasının bütün imkanlarından maksimum dərəcədə faydalanması üçün dəstək göstərilməkdədir. Karantin müddətində universitetin rektoru,professor Nurlana Əliyevanın təşəbbüsü ilə yaşı 65-dən yuxarı müəllimlərə və sosial yardıma ehtiyacı olan tələbələrə yardımların edilməsi, tələbələrimizin müxtəlif sosial və yaradıcılıq layihələrinə könüllü qismində fəal şəkildə qoşulması tədrislə yanaşı, tərbiyə və ideoloji işin də diqqətdə saxlanılmasına kömək edir.
Telman Cəfərov
BSU-nun Tədris işləri üzrə prorektoru, professor,
Əməkdar müəllim