BMU müəllimi Quranı ipək üzərində yazdı

BMU müəllimi Quranı ipək üzərində yazdı Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və dizayn kafedrasının müəllimi, “Qurani-Kərim”i ipək üzərinə yazan istedadlı rəssam Tünzalə Məmmədzadə video-sərgi hazırlayıb.
“İpəkdə yaşayan izlər” adlı kalliqrafik əsərlərindən ibarət olan sərgidə şəffaf ipək üzərində dini yazılar, Qurandan ayələr, süslənmiş islami motivlər və əsərlər yer alıb. T.Məmmədzadə, eyni zamanda İstanbulda müxtəlif memarlıq layihələri üzərində çalışıb.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın əsərləri Azərbaycan Müəllif hüquqları Agentliyi tərəfindən qorunur. Onun əsərləri bir çox fərdi və toplu sərgilərdə nümayiş etdirilib və dünyanın bir çox ölkələrindəki kolleksiyalarda saxlanılır.
Qeyd edək ki, T.Məmmədzadə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk və yeganə rəssamdır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsinin bakalavr, Qərb Universitetinin Moda dizayn fakültəsinin magistr məzunu olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorluq təhsili alıb, Şəki əl sənəti olan Təkəlduz sənətinin tarixini araşdırıb. Türkiyə Baş Nazirliyinin “Türkiyə Bursları” proqramı çərçivəsində Marmara Universitetinin Türkiyat Araştırmalar İnstitutunda doktorantura təhsili alıb.
Hazırda yaradıcılığını rəssamlıqla yanaşı, memarlıq sənətində də davam etdirən BMU-nun müəllimi fərqli dizaynlı memarlıq proyektlərini gerçəkləşdirmək istiqamətində də iş aparır.

Tehsil-press.az

Oxşar xəbərlər