Azərbaycan Universitetində növbəti vebinar: Pandemiya və biz

Azərbaycan Universitetində növbəti vebinar: Pandemiya və biz Azərbaycan Universitetində növbəti vebinar Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilib.
“Pandemiya və biz” adlı vebinarı kafedranın müdiri Ülviyyə Rəhimova aparıb.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinarda Ülviyyə Rəhimova pandemiyanın ədəbi-bədii fikirdə əksi problemi, Covanni Bokkaço yaradıcılığında pandemiyanın ədəbi-estetik qoyuluşu, Alber Kamünün “Taun” əsəri, pandemiya və müasir düşüncə kimi mövzular haqqında çıxış edib. Kafedra müdiri qeyd edib ki, C.Bokkaççonun “Dekameron” əsərində Florensiyada vəbanın tüğyan etməsi və insanların könüllü şəkildə karantinə çəkilmələri təsvir olunurdusa, Kamü baş verməmiş hadisədən çıxış edərək taunun heç vaxt olmadığı Əlcəzairin Oran şəhəri timsalında bəşəriyyətin təxminən 70 il sonra başına gələcək bəlanı görüb və təsvir edib. Bu, ədəbiyyatın böyük öncəgörənlik potensialından xəbər verir.
Kafedranın professoru Asif Hacıyev “Şeirdə, lirikada pandemiya” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, şeir, bədii publisistika daha mobil səciyyə daşıyır və şübhəsiz ki, onlar koronavirus pandemiyasına ilk ədəbi-bədii reaksiya olacaqlar.
Professor bildirib ki, sosial təcrid günlərində müsbət təcrübələr də yaşanır. Pandemiya tələbələrlə müəllimləri texnoloji olaraq eyni müstəviyə gətirib və çox yaxın gələcəkdə ölkədə uzun müddətdir müzakirə olunan distant təhsilin normativ bazası, resursları və metodikası ilə bağlı addımlar atılacağı gözləniləndir.
Asif Hacıyev vebinara qoşulan tələbələrə karantin günlərini səmərəli keçirmələri üçün tövsiyələr verib.
Müəllimlərdən Xəyalə Əliyeva və Ülkər İbrahimova pandemiyanın ədəbiyyata təsirinin müxtəlif məqamlarından danışıblar. Kafedranın dosenti Lalə Əliquliyeva karantin günlərinin insanın özü ilə üzləşməsi və mənəvi yenilənməsi üçün bir fürsət olduğunu bildirib.
Vebinar mövzu ətrafında maraqlı müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər