Dövlət İmtahan Mərkəzi: İmtahanlar sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunacaq

Dövlət İmtahan Mərkəzi: İmtahanlar sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunacaq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının onlayn iclası keçirilib.
Onlayn iclasda Direktorlar Şurasının üzvləri ilə yanaşı, Təhsil nazirinin müavini İdris İsayev də iştirak edib.
İclasda koronavirus (COVID-19) pandemiyası dövründə DİM-in fəaliyyəti, pandemiyanın təhsil və imtahan prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər, virusla əlaqədar müvafiq metodiki göstərişlərə uyğun imtahanlara hazırlıq işləri və sair məsələlər müzakirə olunub.
COVID-19 pandemiyası dövründə DİM-in fəaliyyəti ilə bağlı məlumat verən sədr Məleykə Abbaszadə qeyd edib ki, bu müddət ərzində DİM-in “Fərdi inkişafa dəstək” layihəsi çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. DİM-in sosial şəbəkə kanallarında müxtəlif mövzulara – COVID-19 pandemiyası, şəxsi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stress və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar yerləşdirilib.
Bundan əlavə, xüsusi karantin rejimi nəzərə alınaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə “otk.az” portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanları dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanları 2020-ci ilin iyul ayınadək ödənişsiz edilib. Bu imtahanlara 100 mindən artıq yazılış qeydə alınıb.
Həmçinin pandemiyanın təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədilə təhsil sahəsini, o cümlədən buraxılış və qəbul imtahanlarının keçirilməsini tənzimləyən normativ hüquqi aktlarda müvəqqəti dəyişikliklərin aparılması barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər işlənib hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub və Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli Qərarı ilə təsdiq edilib.
Onlayn iclasda iyun ayından etibarən hər həftəsonu ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilmə qrafiki və bununla bağlı görülən hazırlıq işləri də müzakirə olunub.
Bildirilib ki, imtahanlar sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunacaq. İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. DİM və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin tabeliyində olan binalara yerində baxış keçirilməsi, imtahan üçün seçilmiş təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyətinin yoxlanılması da vurğulanıb. Həmçinin imtahanlara hazırlıq məqsədilə “Şagird-məzun”, “Tələbə-məzun” elektron məlumat bazalarına məsul şəxslər tərəfindən lazımi informasiyaların daxil edilməsi və sair məsələlər də müzakirə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər