UNEC iqtisadiyyat və biznes profili üzrə Azərbaycanda ən böyük, Şərqi Avropada isə dördüncü universitetdir

UNEC iqtisadiyyat və biznes profili üzrə Azərbaycanda ən böyük, Şərqi Avropada isə dördüncü universitetdir Yaxın günlərdə respublikamızın elmi ictimaiyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyini qeyd edəcək. 1930-cu ildə təsis edilmiş bu ali məktəb ayrı-ayrı dövrlərdə müxtəlif adlarla fəaliyyət göstərib.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Dadaş Bünyadzadənin əmri ilə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperativ İnstitutu təsis edilib. İnstituta ilk rəhbərliyi Mehdi İsmayılov edib və 1933-cü ildə buranı cəmi 7 tələbə bitirib. 1933-cü il yanvarın 2-də institutun bazasında Karl Marks adına Azərbaycan Sosial İqtisad İnstitutu yaradılıb və 1936-cı ilin sonunadək fəaliyyət göstərib. Azərbaycan SSR Xalq Komissarları Şurası 1936-cı il dekabrın 30–da Azərbaycan Sosial İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya, həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu aid edilib. İnstitut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayınadək mövcud olub. K.Marks adına Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər Azərbaycan Dövlət Universitetinin tərkibində İqtisadiyyat fakültəsi kimi fəaliyyət göstərib. Dekabr ayında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyəti bərpa edilib. 1959-cu ilin mart ayında institut bağlanıb və Azərbaycan Dövlət Universitetinə birləşdirilib. 1966-cı ilin fevral ayında ali məktəb Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa olunub. 1987-ci ilin oktyabr ayında N.A.Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1990-cı ilin iyulunda SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb.
Bu fikirlər UNEC-in kafedra müdiri, Əməkdar elm xadimi, professor Arif Şəkərəliyevin “Azərbaycan Dövlət İqtisad Universiteti - 90 il” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə deyilir ki, UNEC iqtisadiyyat və biznes profili üzrə Azərbaycanın ən böyük, Şərqi Avropa və Mərkəzi Asiyanın isə dördüncü universitetidir. Burada tədris Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilir. Universitetdə 9 fakültə və 33 kafedra fəaliyyət göstərir, 403 professor və dosent çalışır, 20 mindən çox tələbə, magistrant, doktorant təhsil alır.
Azərbaycanda ilk dəfə UNEC-də tədris prosesi tam elektronlaşdırılıb. Təhsil ocağının auditoriyaları elektron tribuna və proyektorlarla təchiz edilib. Tələbə və müəllimlər tədris resurslarını elektron kabinetlərindən əldə edə bilirlər. Universitetin Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilində, Rus İqtisad Məktəbində rus dilində, Türk Dünyası Biznes fakültəsində isə türk dilində təhsil almaq mümkündür. UNEC dünya reytinqlərindəki mövqeyini daim yüksəltməkdədir. “UniRank” təşkilatının 2020-cu ilin fevral ayına olan məlumatına görə, UNEC ötən illə müqayisədə 497 pillə irəliləyərək 225-ci yerə yüksəlib. Bu reytinq 200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13 mindən çox ali təhsil müəssisəsinin fəaliyyətinin təhlili nəticəsində müəyyənləşdirilib.
“UniRank” agentliyinin “Asiyanın 200 ən yaxşı universiteti” adlı regional reytinq göstəricisində UNEC 167 pillə irəliləyərk 27-ci pillədə qərarlaşıb. Bu sıralamada UNEC Yaponiyanın (Osaka, Vaseda) və Çinin (Shenzen) universitetləri ilə bir sıradadır.
Son dövrdə Azərbaycan Dövlət İqtisad Universitetində aparılan islahatlar nəticəsində təhsil və elmi sahədə böyük uğurlar əldə edilib. Belə ki, Tələbə İşləri Mərkəzi, UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin “Cross Culture” Təşkilatı və UNEC Mentorluq Xidməti yaradılıb.
UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb. Bundan əlavə, Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və Distant Təhsil Tədqiqat İnstitutu təsis edilib.
Universitetdə müasir tələblərə cavab verən Rəqəmsal iqtisadiyyat və Mühəndislik fakültələrinin yaradılması barədə qərar qəbul edilib.
UNEC-də elmin inkişafına və tədqiqatyönümlü universitetin formalaşması məsələsinə böyük önəm verilir, universitetin alimlərinin məqalələri yüksək reytinqli jurnallarda dərc edilir.
Məqalədə vurğulanıb ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə təhsilin keyfiyyəti artırılır, müvafiq dövlət proqramları və strategiya qəbul edilir. Bu baxımdan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın müstəsna rolu qeyd olunmalıdır. Bu sənəddə qarşıya qoyulan əsas vəzifələrdən biri ali təhsildə ikili diplom proqramlarına nail olunmaqdır ki, UNEC də bu işin öhdəsindən uğurla gəlir. UNEC yüksək səviyyədə təhsil verməklə yanaşı, iqtisadi tədqiqatlara töhfə verir, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Tehsil-press.az


Oxşar xəbərlər