Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin onlayn Məzun-Karyera sərgisinin nəticələri açıqlanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin onlayn Məzun-Karyera sərgisinin nəticələri açıqlanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı onlayn formatda keçirilmiş VIII Məzun-Karyera sərgisinin nəticələrini açıqlayıb.
Sərginin nəticələrini ADNSU-nun rəsmi “Facebook” səhifəsi üzərindən açıqlayan rektor M.Babanlı career.asoiu.edu.az saytında yerləşdirilmiş 217 vakant iş yeri üçün universitetin tələbə və məzunları tərəfindən 1260 CV-nin göndərildiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyi, “Bakı Abadlıq” MMC, “Azərişıq” ASC, “AzerGold” QSC, SOCAR-AQŞ və digər qurumların təqdim etdikləri vakant yerlərə tələbələrin böyük marağını qeyd edən rektor, artıq bəzi müəssisələrin tələbələrlə müsahibələrə start verdiyini, “Azərişıq” ASC-nin isə 8 tələbəni daha sonra daimi işə qəbul məqsədilə təcrübəyə cəlb etdiyini söyləyib.
Xatırladaq ki, iyunun 11-də koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi şərtlərinə uyğun olaraq ilk dəfə ADNSU-da onlayn formatda VIII Məzun-Karyera sərgisi keçirilib. Təhsil və Energetika nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən sərgiyə 37 dövlət qurumu və şirkət tərəfindən 217 vakant iş yeri çıxarılmışdı. Sərginin açılışı zamanı career.asoiu.edu.az saytının da təqdimatı olub. Tələbə və məzunlar həmin saytda vakant yerlərlə tanış olduqdan sonra müvafiq şirkət və vəzifəni seçib CV-lərini göndəriblər. Hazırkı nəticələr iki həftə ərzində olunan müraciətlər əsasındadır. Sayt daimi əsasda fəaliyyət göstərir. ADNSU-nun tərəfdaşı olduğu müəssisə və qurumların vakant iş yerləri barədə informasiyası sayta mütəmadi əlavə olunacaq. Yaranan suallarla bağlı ADNSU-nun tələbə və məzunları universitetin İctimaiyyətlə əlaqələr və marketinq departamenti ilə əlaqə saxlaya bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər